Mətbuat Şurasının hesabat xarakterli iclası keçirilib

Mətbuat Şurasının hesabat xarakterli iclası keçirilib

Azərbaycan Mətbuat Şurası 8-ci ildir ki, ölkə jurnalistləri və ictimaiyyəti üçün il ərzində gördüyü işlərə dair hesabat verir. Bu hesabatlarda da əsas, gündəlikdə duran məsələlər yer alır. Bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov 2011-ci ilin hesabat xarakterli iclasında çıxışı zamanı söyləyib. SİA-nın xəbərinə görə, İdarə üzvlərinin, qəzet redaktorlarının və s. iştirak etdiyi tədbirdə şura sədri 2011-cu ildə Azərbaycan Mətbuat Şurasının başlıca fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

Bildirilib ki, burada əsas məsələ Komissiyaların fəaliyyəti, Mətbuat Şurasına daxil olan şikayət və müraciətlərin araşdırılması, qərar və rəylərin qəbulu, \"reket jurnalistika\"ya qarşı mübarizə tədbirləri, Diffamasiyadan Haqqında qanun layihəsinin hazırlanması, Prezident fərman və sərəncamlarından irəli gələn vəzifələrin reallaşdırılması, media sahəsində layihələrin həyata keçirilməsi, konfrans, seminar və dəyirmi masaların təşkili və beynəlxalq əməkdaşlıqdır.

"2011-ci ildə Azərbaycan Mətbuat Şurasına ümumilikdə 651 müraciət daxil olub. 651 müraciətdən 328-i ilin ilk yarısına, 323-ü isə ikinci yarısına aiddir. Müraciətlərdən 295-i ayrı-ayrı vətəndaşlardandır. Bu baxımdan ikinci yer dövlət idarə, müəssisə və təşkilatlarına məxsusdur – 196. Özəl müəssisələrdən daxil olan müraciətlərin sayı 74-dür. 48 müraciət ictimai qurumlardandır. Yerli özünüidarəetmə orqanlarından 29, siyasi partiyalardan isə 9 müraciət daxil olub. Qeyd edək ki, 2010-cu ildə bu rəqəmlər müvafiq olaraq 287, 203, 70, 68, 39 və 32 təşkil edib. 651 müraciətdən 499-u kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. Şura Katibliyi həmin şikayətlərlə bağlı cavabdeh və şikayətçi tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 301 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 198 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib. 2011-cu ildə Şuraya daxil olan şikayətlərin 198-i komissiyalarda araşdırılıb. Bunlardan 128-i Şikayətlər üzrə Komissiyada, 54-ü "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında, 7-i Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında, 9-u Sosial Komissiyada araşdırılıb (651 müraciətdən 499-u kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlər təşkil etdiyi halda, yerdə qalan 152 müraciətdən 89-u Mətbuat Şurasının "qara siyahı"sında olan KİV-lərdəndir. Prosedur qaydalara əsasən belə müraciətlərə Şura Katibliyində baxılıb, cavablandırılıb, yaxud rəy verilib. Həmin müraciətlər Şuranın "apellyasiya qrupu" tərəfindən də araşdırılıb. 63 müraciət Şuranın digər prosedur fəaliyyət istiqamətlərinə aid olub).


Şura sədri şikayətlər üzrə Komissiyada baxılan 128 məsələdən 92-nin komissiya səviyyəsində həllinin tapldığını deyib: "Bu şikayətlər üzrə yalnız komissiyanın rəylərinin çıxarılması ilə kifayətlənilib. Digər 36 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib. "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 54 şikayətdən 14-ü barədə rəy verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib. Beləliklə Şuranın İdarə Heyətində müzakirə edilən şikayətlərin sayı 50-dir. Bunlardan Şikayətlər üzrə Komissiyanın rəyinə əsaslanılanların sayı 36, "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası tərəfindən təqdim edilənlərin sayı 14 olub. 2011-cu ildə İdarə Heyəti müxtəlif KİV-dəki şikayət motivlərini əsas götürən 33 qərar və 1 xüsusi rəy çıxarıb ki, bunlardan 24-də Şikayətlər üzrə Komissiyanın, 10-da "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının rəylərinə istinad edilib. İdarə Heyətinin ayrı-ayrı KİV-lərlə bağlı çıxardığı qərarlar onlardan 9-a xəbərdarlıq edilməsini nəzərdə tutub. 15 qərarda KİV-lərin peşə prinsiplərinə etinasızlığı əksini taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 9 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının "qara siyahı"sına salınmasını, 1-i isə yenidən siyahıya qaytarılmasını nəzərdə tutub. Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında baxılan 7, Sosial Komissiyada baxılan 9 şikayətin hər biri həllini tapıb, bu barədə İdarə Heyətinə müvafiq təqdimat verilib. Bundan başqa, İdarə Heyətinin cari məsələlərlə bağlı digər 56 qərarı var ki, bunlardan da 7-də "qara siyahı"dakı KİV-lərin oradan çıxarılması ilə bağlı müraciətlərini araşdıran "apellyasiya qrupu"nun təqdimatına əsaslanılıb. Yerdə qalanlar cari məsələlərin başqa istiqamətlərini nəzərdə tutub".


Əflatun Amaşov bildirib ki, il ərzində Şuranın İdarə Heyətinin 11, Şikayətlər üzrə Komissiyanın 17, "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının 6, mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının 3 iclası keçirilib. Bundan başqa müxtəlif məsələlərlə bağlı Şuranın Sosial Komissiyasının 5, hüquq, iqtisadiyyat, dil, təhsil, bölgə mətbuatının inkişafı komissiyalarının hər birinin 3 iclası keçirilib. Bununla yanaşı, Şuranın 2011-ci ilin fevralından başlayaraq fəaliyyət göstərən "apellyasiya qrupu" 2, avqustdan fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisi 8 dəfə toplanıb.


Reket jurnalistikaya qarşı mübarizə tədbirlərinə gəlincə sədr dedi ki, Mətbuat Şurası 2011-ci ildə "reket jurnalistika"ya qarşı mübarizəni 2 əsas istiqamətdə aparıb: "Bunlardan birincisi "reket nəşr"lərin elan olunması, adlarının ictimaiyyətə çatdırılması, ikincisi onlara qarşı ictimai qınağın fəallaşdırılmasıdır. Mətbuat Şurası həmçinin özünün əsas missiyalarından birinin mətbu məkanın saflaşdırılması olduğunu rəhbər tutaraq, "qara siyahı"ya saldığı KİV-lərin fəaliyyətlərində düzəliş etmələrinə dair müraciətlərini nəzərə alıb. MŞ İdarə Heyətinin müvafiq qərarları ilə onların bir qisminin üzərindən "reket nəşr" adı götürülərək "qara siyahı"dan çıxarılıblar. 2011-cu ildə belə nəşrlərin sayı 7 olub. Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti Şuranın Şikayətlər üzrə Komissiyasının və "Reket jurnalistikaya" qarşı mübarizə Komissiyasının təqdimatı əsasında il ərzində 4 dəfə "reket nəşr"lərin adlarını açıqlayıb. 2011-cu ilin yekunlarına əsasən \"qara siyahı\"da yer alan KİV-lərin ümumi sayı 89-dur. Mətbuatın \"qara siyahı\"sı tanınmış, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrində dərc edilib. "Reket nəşr"lərə qarşı ictimai qınağın fəallaşdırılması məqsədilə ölkədə fəaliyyət göstərən mətbəələrə və yayım firmalarına məktublar göndərib. Həmin məktublarda bildirilib ki, "qara siyahı"dakı KİV-lərlə bağlı ölçü tədbirinin götürülməsində həmin KİV-in \"Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları\"na məhəl qoymamaları, etik prinsiplər və peşə əxlaqı ilə bir araya sığmayan hərəkətlərə yol vermələri, barələrindəki qərar və rəylərdən, tövsiyyə və iradlardan nəticə çıxarmamaları əsas götürülüb. Həmçinin KİV-lə əməkdaşlıq qurularkən bu faktların nəzərə alınması tövsiyə edilib".


Diffamasiya haqqında qanun layihəsinin hazırlanmasına da münasibət bildirən sədr qeyd edib ki, Azərbaycan Mətbuat Şurası 2010-cu ili "Diffamasiya ili" elan edib və buna uyğun olaraq ATƏT-in Bakı ofisi ilə birgə fəaliyyət planı həyata keçirib: "Diffamasiya ili"ndə diffamasiya haqqında qanunun qəbulu ilə bağlı təşəbbüslərin sürətləndirilməsi və paralel olaraq "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın təkmilləşdirilməsi ilə bağlı birgə fəaliyyətə dair razılıq əldə olunub. 2010-cu ildə peşə davranışı qaydalarının yeni variantı qəbul edilib. 2011-ci ildə layihənin ikinci istiqaməti üzrə işlərin görülməsinə başlanıb. Fevralın 9-da Azərbaycan Mətbuat Şurasında Şuranın ATƏT-in Bakı ofisinin rəhbərliyi ilə görüşü baş tutub. Görüşdə layihə üzrə yaradılan birgə işçi qrupunun növbəti fəaliyyət istiqamətləri ətrafında müzakirələr gedib. Layihə çərçivəsindəki növbəti müzakirələr aprelin 20-də baş tutub. Həmin gün may ayınadək diffamasiya ilə bağlı qanun layihəsi üzərində işlərin yekunlaşdırılması qərara alınıb. Mayın 5-də Mətbuat Şurasında diffamasiya ilə bağlı qanun layihəsinin – "Diffamasiyadan müdafiə haqqında" Azərbaycan Respublikasının Qanununun ilk müzakirəsi keçirilib. Ölkənin tanınan, ictimai fikrə təsir göstərən KİV-lərinin rəhbərlərinin iştirakı ilə baş tutan toplantıda layihə müsbət qiymətləndirilib. Lakin onun daha geniş miqyaslı ictimai müzakirəsinin təşkili qərara alınıb. Qanun layihəsi üzərində tamamlanma işləri "Qanunvericilik islahatı vasitəsilə diffamasiyanın dekriminallaşdırılması" mövzusundakı beynəlxalq konfransa qədər başa çatdırılıb. Tədbir mayın 11-də "Ratunda, Landmark"da keçirilib. Yerli və beynəlxalq ekspertlərin, dövlət rəsmilərinin, KİV rəhbərlərinin iştirakı ilə baş tutan toplantıda diffamasiya ilə bağlı qanun layihəsi müsbət dəyərləndirilib və sənədin ölkə parlamentinə təqdim olunması qərara alınıb".


Prezident fərman və sərəncamlarından irəli gələn vəzifələrin realaşdırılması haqqında da danışan Əflatun Amaşov Azərbaycan Mətbuat Şurasının bu istiqamətdə iki fəaliyyət xətti həyata keçirdiyini deyib: "Bunlardan birincisi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ilə bağlı olub. Məlum olduğu kimi, cənab Prezident 21 yanvar 2011-ci il tarixdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında Sərəncam imzalamışdı. Mətbuat Şurası bunu rəhbər tutaraq, eyni zamanda mediamızın, jurnalistlərimizin dövlət müstəqilliyimizin bərpasındakı müstəsna rolunu nəzərə alaraq oktyabrın 19-da Gəncədə "Media və dövlət müstəqilliyimiz" mövzusunda ümumrespublika konfransı keçirib. KİV rəhbərlərinin, dövlət rəsmilərinin, ziyalıların və elm xadimlərinin qatıldıqları toplantıda şərəfli tariximizdə, eləcə də dövlət müstəqilliyimizin möhkəmləndirilməsində xidmətləri olan bir qrup qəzetə Azərbaycan Mətbuat Şurasının fəxri diplomları təqdim olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il noyabrın 23-də görkəmli jurnalist, publisist və alim Nəsir İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sənəddə bildirilib ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin təkliflərini nəzərə almaqla, əməkdar jurnalist Nəsrulla İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. Mətbuat Şurası bununla əlaqədar öz təkliflərini verməklə yanaşı, eyni zamanda dekabrın 9-da görkəmli jurnalistlə bağlı "Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız" mövzusunda konfrans keçirib. Tədbirdə yubilyarın həyat və yaradıcılığı ətraflı təhlil olunub, onun peşə fəaliyyətinin müasir nəslə örnək məqamları ətrafında fikir mübadiləsi aparılıb".


Mətbuat Şurasının sədri Əflatun Amaşov media sahəsində layihələrin həyata keçirilməsi haqqında da danışaraq qeyd edib ki, bununla bağlı üç fəaliyyət istiqaməti mövcuddur: "Birincisi Mətbuat Şurasının YUNESKO-nun Moskva ofisi ilə əməkdaşlığı, ikincisi "Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi" layihəsinin reallaşdırılması və nəhayət üçüncüsü Mətbuat Şurasının Avropa Şurasının Azərbaycan Nümayəndəliyi ilə birgə layihəsidir.

Birinci istiqamətlə əlaqədar bildiririk ki, Mətbuat Şurası YUNESKO-nun Moskva ofisi ilə hələ 2009-cu ildən sıx əməkdaşlıq edir. Həmin ilin dekabrında "İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim" layihəsi çərçivəsində İctimai Televiziyada iki günlük geniş konfrans-seminar keçirilib. Həmin tədbirdə media nümayəndələrimiz, o cümlədən 17 yerli və regional telekanalın təmsilçiləri YUNESKO-nun "TV və radio mediası və iqlim dəyişikliyi" barədə Paris konfransının deklorasiyası ilə həmrəylik bəyanatına da imza atıblar. Layihə çərçivəsində 2011-ci ilin iyulun 8-də "İqlim dəyişmələri və ekoloji stabillik" adlı təlim kitabının və www.mediaclimate.org saytının təqdimatı keçirilib. Mətbuat Şurası YENUSKO-nun Moskva ofisi ilə əməkdaşlığının növbəti mərhələsi avqust ayından start götürüb. Avqustun 1-dən hər iki qurum Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqram (KİBP) çərçivəsində "Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyini işıqlandırmaları sahəsində peşəkarlığının artırılması məqsədilə tədris proqramının hazırlanması" layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində "Ekoloji stabillik və iqlim dəyişmələri mövzusü müasir mətbuatda" adlı tədris proqramı hazırlanıb. Sənəd ilk olaraq noyabrın 18-də Azərbaycan Mətbuat Şurasında baş tutan "dəyirmi masa"da müzakirə olundu və müsbət qiymətləndirildi. Noyabrın 30-da isə tədris proqramının geniş təqdimatı baş tutub. Hazırda sənəd təsdiqlənmək üçün Təhsil Nazirliyinə təqdim olunub. İkinci Azərbaycan Mətbuat Şurası may-sentyabr ayları ərzində "Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi" layihəsini reallaşdırıb. KİV-lərin və orada çalışan jurnalistlərin yaradıcılıq məhsullarında Azərbaycan dilinin norma və qaydalarına necə riayət etmələri sahəsindəki mənfi meyllərin aradan qaldırılmasına dəstək göstərmək, mövcud istiqamətdəki problemlərin effektiv həllini həyata keçirmək, tendensiyaları izləmək, ümumən məsələyə ictimaiyyətin diqqətini cəlb edərək yol verilən nöqsanların kəmiyyət göstəricilərinin azalmasına nail olmaq layihənin başlıca məqsədlərindən olub. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstğəyi Fondunun maliyyə yardımı ilə baş tutan layihə çərçivəsində iyulun 14-də və sentyabrın 22-də "Mediada dil faktoru" mövzusunda iki "dəyirmi masa" keçirilib. Tədbirlərdə Azərbaycan Mətbuat Şurasının Kütləvi informasiya vasitələrində ədəbi dilin pozulması hallarının müəyyənləşdirilməsinə dair Təlimatına uyğun olaraq 3 ay ərzində aparılan monitorinqin nəticələri açıqlanıb. Üçüncüsü Mətbuat Şurasının Avropa Şurasının Azərbaycan Nümayəndəliyi ilə birgə layihəsindən məqsəd mətbuat xidmətlərinin informasiya əldə edilməsindəki rolunun artırılmasına dəstək göstərməkdən ibarət olub. Layihə çərçivəsində iyulun 9-10-da Qubada, həmin ayın 30-31-də Goranboy rayonunda nazirliklərin, dövlət komitələrinin mətbuat xidmətlərinin nümayəndələrinin iştirakı ilə seminar-məşğələlər keçirilib. Tədbirlərə dəvət olunmuş xarici ekspertlər mətbuat xidməti institutunun fəaliyyətindəki dünya miqyasında qəbul edilən forma və prinsiplər barədə ətraflı məlumatlar veriblər".


Daha sonra tədbirdə Azəbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, \"İki sahil\" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digərləri çıxış edərək hesabatda əks olunanlarla bağlı dəyərli fikirlərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə