Dünya Azərbaycanlıları Konqresində yeni şöbələr yaradıldı

Dünya Azərbaycanlıları Konqresində yeni şöbələr yaradıldı

Bu gün Dünya Azərbaycanlıları Konqresinin Mərkəzi aparatında toplantı keçirilib. SİA-nın xəbərinə görə, bu barədə Konqresin Mətbuat və İnformasiya şöbəsinin müdiri Peyman Sadıqov açıqlama verib. Onun sözlərinə görə, toplantının keçirilməsində məqsəd yeni yaradılmış şöbələr ilə bağlı olub. Belə ki, konqresin tərkibində Dünya azərbaycanlıları ilə elm, təhsil və səhiyyə sahəsində əlaqələr, Dünya azərbaycanlıları ilə mədəniyyət sahəsində əlaqələr, Dünya azərbaycanlılarının hüquqlarını müdafiə, Beynəlxalq əlaqələr, Gənclərlə aparılan iş, Azərbaycanlıların soyqırımını dünyada tanıdan, İqtisadi məsələlər üzrə, Mətbuat və informasiya şöbələri yaradılıb. Mətbuat və İnformasiya şöbəsinə jurnalist Peyman Sadıqov rəhbər təyin olunub.

Ağsaqqalar şurasının sədri Babaxan Muradov çıxış edərək bildirib ki, bu gün Dünya Azərbaycanlıların bütövlüyünü yaratmaq üçün var gücümüzlə çalışmalıyıq. Çünki dünyada ikinci bir millət yoxdur ki, bu qədər ayrı qalsın. Odur ki, dünyada yaşayan azərbaycanlılar və türklər birləşməlidir.

Bundan başqa Dünya Azərbaycanlıları Konqresinin Qadınlar Təşkilatının sədri Dünyaxanım Əliyeva öz çıxışında xüsusi ilə qeyd edib ki, biz bu gündən etibarən Azərbaycanın ali təhsil ocaqlarında və orta məktəblərdə görüşlər təşkil edərək, Azərbaycan xalqının başına gətirilmiş oyunlardan söhbətlər açmalıyıq. Çünki bizim gələcəyimiz olan tələbələr və şagirdlər bilməlidirlər ki, Azərbaycan xalqı neçə illərdən bəri nələr çəkir və bir sözlə desək maariflənməyə ehtiyacları var. Ona görə də qərara almışıq ki, 16 yanvar 2012-ci il tarixdə Bakı şəhəri 21 saylı orta məktəbdə 20 yanvar faciəsi ilə bağlı tədbir keçirək.

Toplantının sonunda DAK fəxri sədri prof. Qulamrza Səbri Təbrizi Türkiyədən canlı bağlantı yaradaraq, yeni yaradılmış şöbələr ilə əlaqədar öz minnətdarlığını bildirib. O xüsusilə qeyd edib ki, Dünya Azərbaycanlıları birləşməlidir və Cənubi Azərbaycanda yeni təhsil ocaqları tikilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə