“Ümumi səbəbdən əlil olan vətəndaşlar yaşayış səviyyələrinin çox aşağı olmasından narazıdırlar”

“Ümumi səbəbdən əlil olan vətəndaşlar yaşayış səviyyələrinin çox aşağı olmasından narazıdırlar”

"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyimizin əməkdaşları Bakı şəhərində və respublikamızın rayonlarında olmuş, əlillərin sosial problemləri ilə maraqlanıblar. Qurumdan SİA-ya verilən xəbərə görə, İctimai Birlik kimi aidiyyəti dövlət qurumları - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Milli Məclisin Sosial-İqtisadi Komissiyası qarşısında vəsatət qaldıraraq, bu problemlərin həlli ilə bağlı təklif irəli sürüb.

İctimai Birlik tərəfindən aparılan monitorinq zamanı məlum olub ki, ucqar kənd rayonları və Qarabağın ətraf rayonlarında vəziyyət daha acınacaqlıdır. Hətta 2-3 uşağı anadangəlmə əlil olan ailələr var. Belə nəticəyə gəlmək olar ki, müharibə şəraitində yaşadıqlarından, gənc ailələrin yaşayış səviyyəsi aşağı olduğundan, işsizlikdən, hamilə anaların lazımınca qidalanmamasından, tibbi xidmətin vaxtında və lazımı səviyyədə göstərilməməsindən, valideynlərin keçirdiyi həyəcan və stressdən irəli gələrək dünyaya gələn uşaqların əksəriyyəti fiziki qüsurlu doğulur ki, bu da əlilliyin artmasına səbəb olur. Həmçinin ucqar dağ kəndlərində tibb məntəqələrinin olmaması, tibbi personalın qeyri-peşəkarlığı, müasir tibbi avadanlığın olmaması da bu problemlərin yaranmasına səbəb olur.

Monitorinq zamanı ən çox rast gəlinən problemlərdən birincisi odur ki, anadangəlmə fiziki qüsurlu olan azyaşlı uşaqlara 55 manat məbləğində yardım göstərilir ki, bu da heç onların zəruri dərmanlarının əldə edilməsinə yetərli deyil. Bu qəbildən olan uşaqlara qulluq etdiklərinə görə isə valideynlərə dövlət tərəfindən heç bir müavinət verilmir. Ancaq təqaüd yaşına çatdıqda valideynlərə təqaüd təyin ediləndə iş stajı sayılır. Bu da əhalinin sosial cəhətdən aztəminatlı ailələrinin haqlı narazılıqlarına səbəb olur.

Qurumun təklifinə əsasən, anadangəlmə fiziki qüsurlu doğulan uşaqlara qulluq etdiklərinə görə valideynlərə dövlət tərəfindən müəyyən məbləğdə müavinətin təyin edilməsi məqsədəmüvafiq hesab edilə bilər.

Aparılan monitorinq zamanı ən çox rast gəlinin digər bir problem isə odur ki, ümumi səbəbdən əlil olan vətəndaşlar yaşayış səviyyələrinin çox aşağı olmasından narazılıqlarını bildiriblər. Onlara əvvəllər kommunal xərclərdə, nəqliyyatda edilən güzəştlərin xeyli kömək olduğunu deyiblər. Söyləyiblər ki, bu güzəştlər ləğv ediləndən sonra onların yaşayış səviyyəsi çox aşağı düşüb. Verilən təqaüd bugünkü bazar səbətinə uyğun gəlmir. Düzdür, dövlət tərəfindən ümumi səbəbdən əlil olan vətəndaşlara verilən təqaüd bir neçə dəfə artırılıb. Lakin bu təqaüd onların dərman puluna və kommunal xərclərinin ödənilməsinə güclə çatır. Qalan pul isə onların hətta minimum yaşayışını ödəmir.

Məhz buna görə, ümumi səbəbdən əlil olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün onlara verilən təqaüdün bazar səbətinə uyğunlaşdırılaraq tənzimlənməsi istiqamətində müvafiq tədbirlərin görülməsi vacibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə