Əlilliyi olan uşaqlar bağçaya gedəcək

Əlilliyi olan uşaqlar bağçaya gedəcək

2012-ci ilin yanvar ayından etibarən Avropa Birliyinin maliyyə dəstəyi ilə Azərbaycanda "Sosial hüquqi islahatlar: əlilliyi olan və cəmiyyətdən təcrid edilmiş uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi" adlı 2 illik layihəyə start verilir. SİA-nın xəbərinə görə, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) və Müasir Təhsil və Tədrisə Dəstək Mərkəzinin (CİE) icra edəcəyi layihə 4 regionu-Siyəzən, Sumqayıt, Biləsuvar və Lənkəran şəhərlərini əhatə edəcək. Əlilliyi olan uşaqların uşaq bağçalarına cəlb edilməsi, onların cəmiyyətdən təcridinin qarşısının alınması, layihənin əsas prioritetidir. Layihənin icrası müddətində həmçinin vətəndaş cəmiyyəti ilə dövlət və hökumət strukturlarının əməkdaşlığını icma səviyyəsində gücləndirmək, uşaqlara xidmət səviyyəsini yüksəltmək, cəmiyyəti bu işdə maarifləndirmək də nəzərdə tutulub.

Bundan əlavə BMT-nin Uşaq Hüquqları Konvensiyası və Əlilliyi Olan İnsanların Hüquqlarına dair Konvensiyanı rəhbər tutaraq bu layihə yoxsulluq, əlillik və yaşadığı məkan (müəssərliyin olmaması )səbəbindən təcrid edilmiş uşaqların erkən inkişafının əhəmiyyətini, onu milli siyasətin tərkib hissəsinə daxil olmasını təbliğ etmək də layihənin başlıca məqsədləri sırasındadır.

Layihə əsasən üç istiqaməti əhatə edir ki, buraya Erkən Uşaq İnkişafı, Erkən müdaxilə və İnklüziv təhsil daxildir. Bu müddət ərzində valideynlərlə, bağça heyəti, uşaq poliklinikaları və uşaq həkimləri ilə, regional QHT-lərlə, dövlət və hökümət nümayəndələri ilə iş aparılacaq.

Proqramın sonunda uşaq bağçaları və digər əlaqədar müəssisə və qurumlar təlimləndiriləcək, yaradılacaq Özünədəstək Qrupları əsas məlumat mənbəyinə çevriləcək. Dövlət strukturları və digər rəsmi orqanlar uşaqların inklüziyasına əsas təşəbbüskar olacaq. Cəmiyyətin əlilliyə olan yanaşması dəyişəcək, uşaqların qapalı şəraitdə saxlanmasının və cəmiyyətdən təcridinin qarşısı qismən də olsa alınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə