Qarabağda işğal altında olan Tarix – Diyarşünaslıq Muzeylərinin direktorları ilə görüş keçirilib
Söz Azadlığını Müdafiə Fondunda (SAMF) Qarabağda işğal altında olan Tarix-Diyarşünaslıq Muzeylərinin direktorları ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, görüş Qarabağ muzeyləri silsiləsindən ilk kitabın hazırlanması məqsədilə baş tutub.
Cəbrayıl, Kəlbəcər, Füzuli, Zəngilan və Laçın Tarix-Diyarşünaslıq muzeylərinin direktorlarının iştirak etdiyi tədbirdə fondun icraçı direktoru Vüqar Tofiqli görüşün əsas məqsədinin Qarabağ muzeyləri silsiləsindən ilk kitabın hazırlanması, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə SAMF-ın işğal altında olan Tarix-Diyarşünaslıq Muzeylərinin virtual məkanı olan www.diyarshunasliq.az internet saytındakı materialların zənginləşdirilməsi olduğunu diqqətə çatdıraraq, eyni zamanda, işğal olunmuş rayonlarımızdakı maddi-mədəni itkilərin hesablanmasında muzey direktorlarının köməyindən istifadə olunacağını da vuğulayıb: "İndiki nəslin az da olsa Qarabağ haqqında məlumatı var. Amma əsas narahatlıq doğuran gələcək nəsillərdir ki, onların da Qarabağ haqqında məlumatlarının olmasını istəyirik. Biz çalışacağıq ki, bu hazırlanan kitabın Azərbaycan dili ilə yanaşı, ingilis dilinə də tərcümə edilib, xarici ölkələrdə yayımını təşkil edək ki, əcnəbilər də Qarabağdakı Tarix-Diyarşünaslıq muzeyləri haqqında məlumatlı olsunlar".
V.Tofiqli bildirib ki, bu layihə çərçivəsində həmçinin ermənilərin işğalı nəticəsində muzeylərdə qalan eksponatların dəqiq siyahısının müəyyənləşdiriləcək. O, bundan başqa həmin eksponatların qiymətləndirilməsinin də aparılacağını deyib. V.Tofiqlinin fikrincə, ötən il Fond tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə işğal olunmuş rayonlarının tarix-diyarşünaslıq muzeyləri ilə birlikdə fəaliyyəti ilə bağlı müraciət edilib: "Lakin, həmin müraciətin cavabında nazir Dövlət Qarabağ Muzeyinin yaradıldığını bildirib. Amma faktiki olaraq, belə bir muzey fəaliyyət göstərmir".
Laçın Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, professor, tarix elmləri doktoru Solmaz Məhərrəmova hazırlanacaq kitabda muzeylərlə yanaşı, Qarabağın hər bir rayonunun tarixi haqqında da məlumatların yerləşdirilməsinin vacib olduğunu qeyd etdi: "XVIII əsrdə Qarabağ xanlığı Azərbaycanın əsas xanlıqlardan biri olub. Mən istərdim ki, bu kitabda xanlıqların da tarixindən məlumatlar yerləşdirilsin, ruslar görsünlər ki, onlar gəlib işğal etməzdən qabaq da burda yüksək mədəniyyət olub. Əgər, bu kitabda Pənahəli xanın tikdirdiyi Şuşa qalası, Əsgəran divarları haqqında yazılmasa, günah olar".
Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, filologiya elmlər namizədi Tariyel Abbaslı isə kitabda muzeylərdə olan eksponatlardan ekskuliziv şəkillərin də yer almasını vacib hesab etdi: "Mən muzeyin çox hissəsini gətirmişəm. Yaxşı olardı ki, muzeydə olan eksponatların bəzilərinin şəkillərini çəkib, kitabda verək. Məsələn, elə eksponatlar var ki, onlar bu gün bizim əlimizdə deyil. Amma onların da görüntülərini əldə etmək mümkündür. Xatırlayıram ki, o dövrdə dövlət televiziyası bir çox muzeylərdə çəkilişlər aparmışdı. Həmin çəklişlərdən hazırlanan süjetləri də əldə edib maraqlı məqamları şəkil kimi kitabda vermək olar".
Muzakirələr zamanı muzey rəhbərləri bu günə qədər də Dövlət Qarabağ Tarixi Muzeyinin fəaliyyətə başlamadığından gileylənərək, işğal zamanı böyük çətinliklər bahasına gətirilən eksponatların muzey mərkəzində acınacaqlı vəziyyətindən də söz açdılar. Qeyd olundu ki, heç bir muzey əməkdaşına orada saxlanılan eksponatlara nəzarət etmək imkanı verilmir, bu səbəbdən də eksponatlar şəraitsizlikdən məhv olmaq təhlükəsi ilə üzləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB