Gürcüstandakı azərbaycanlıların vəziyyəti müzakirə edilib

Gürcüstandakı azərbaycanlıların vəziyyəti müzakirə edilib

"Ata-baba torpaqlarımız olan Gürcüstanda yaşayan soydaşlarımız bu gün istənilən sahədə yadlaşmaya məruz qalır". SİA-nın verdiyi xəbərinə görə, bu sözləri Qafqaz Araşdırmalar Mərkəzinin sədri Kamran Ramazanlı bu gün keçirilən mətbuat konfransı zamanı deyib. Onun sözlərinə görə, xüsusilə son dövrlərdə Saqareco rayonunun Qaraçöp mahalında yaşayan azərbaycanlıların hüquqları kobudcasına pozulur.

Konfransda çıxış edən ziyalılar bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar milli şüuru itirmək həddindədir və onlar Gürcüstan cəmiyyətinə inteqrasiya deyil, assimilyasiyaya məruz qalır.

Toplantıda qeyd olunub ki, Gürcüstan azərbaycanlıları dövlət dilinin öyrənilməsi, doğma dildə təhsil, torpaq sahələrinin alınması və onlara dövlət orqanlarında vəzifələrin verilməsi ilə bağlı çox ciddi problemlər yaşayır.

Qafqaz Araşdırmalar Mərkəzinin sədri Kamran Ramazanlı və mərkəz üzvləri hesab edir ki, Gürcüstanda yaşayan azərbaycanlıların bütün problemləri bu ölkənin problemidir. "Əgər Azərbaycan Gürcüstan üçün bütün hər şeyi güzəştə gedib, sözügedən ölkəyə öz yardımlarını göstərirsə, Gürcüstan hakimiyyəti də orada yaşayan azərbaycanlılardan qayğısını əskik etməməlidir",- deyə Kamran Ramazanlı sözlərinə əlavə edib.

Aynurə Asimqızı


Bütün xəbərlər Facebook səhifəmizdə