Güclü qar Bolqarıstanı iflic vəziyyətinə salıb

Güclü qar Bolqarıstanı iflic vəziyyətinə salıb

Bolqarıstanda güclü qar yağması nəticəsində yollarda hərəkət dayanıb, elektrik xətləri sıradan çıxıb. Hazırda Sofiya, Veliko-Tırnovo, Qabrova, Loveç və Smolyansk vilayətlərində təxminən 50 yaşayış məntəqəsi işıqsız qalıb. Hakimiyyət orqanları bu vəziyyətin öhdəsindən gəlməyə çalışırlar.

Loveç vilayətinin Teteven şəhərində daha ağır vəziyyət yaranıb. Burada yerli sakinlər üç gündür işıqsızdır. Mobil telefon və şəhər telefon rabitəsi işləmir.

Smolyansk vilayətinin Şepelare və Vraçan vilayətinin Roman şəhərlərində fəlakət vəziyyəti elan edilib. Yerli hakimiyyət orqanları kəskin hava şəraitinin nəticələrinin öhdəsindən gəlməkdə çətinlik çəkirlər.

Təhsil Nazirliyinin məlumatına görə, ölkədə 35 məktəbdə dərslər dayandırılıb. Yol infrastrukturu xidmətindən bildirilib ki, buz bağlamış avtomobil yolları artıq qardan təmizlənib.

Bolqarıstan DİN-i sürücüləri şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə