Geologiya İnstitutu 2011-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat verdi - FOTO

Geologiya İnstitutu 2011-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat verdi - FOTO

Bu gün AMEA Geologiya İnstitutu 2011-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda geniş məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə ötən il aprel ayının 26-da AMEA-nın illik ümumi yığıncağında ölkə prezidenti İlham Əliyevin iştirakı Azərbaycan elminə diqqət və qayğısının nəticəsi kimi qiymətləndirib.

Akademik 2011-ci il dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə oktyabr ayında Yer Haqqında Elmlər Bölməsinin (YEB) ümumi yığıncağının və Geologiya İnstitutunun Elmi Şurasının birgə iclasının keçirildiyini, bu iclasın institutun əməkdaşlarının 20 il ərzində apardıqları elmi-tədqiqat işlərinə həsr olunduğunu bildirib. 2010-cu ildə institutun bir qrup aliminə Cənubi-Xəzər hövzəsinin palçıq vulkanizmi və neftqazlılığın öyrənilməsi üzrə silsilə işlərinə görə ilk dövlət mükafatı laureatı fəxri adının verildiyini söyləyən Akif Əlizadə bunun geoloqların qazandığı ən böyük uğurlardan olduğunu qeyd edib: "Hazırda institutun simasını - dünya palçıq vulkanlarının püskürmə mexanizminin və məkan-zaman baxımından paylanma qanunauyğunluqlarının analizi, uzun müddətli vizual, aero-kosmik, geofiziki sahələrin instrumental və telemetrik monitorinqinə, vulkanların püskürmə məhsullarının dərin izotop-geokimyəvi öyrənilməsinə söykənən pioner tədqiqatlar əks etdirir".

2011-ci ildə institutun alimləri tərəfindən tematik plan üzrə aparılmış elmi-tədqiqatların yekunları barədə məlumat verən institut rəhbəri beynəlxalq elmi əməkdaşlıq çərçivəsində institutun "Geodinamika və seysmologiya" şöbəsinin Massaçuset Texnoloji İnstitutu ilə müştərək, ABŞ Elm Fondunun "Qafqaz-Xəzər regionunda GPS monitorinqi" (2006-2012-ci illər) layihəsi üzrə tədqiqatları davam etdirdiyini söyləyib. İnstitut 2011-ci ildə də qrant layihələri çərçivəsində elmi tədqiqatları davam etdirib.

Cari ildə tədqiqatlar 10 mövzunu və 21 elmi-tədqiqat işini əhatə etməklə, 4 problem üzrə aparılmışdır. 2011-ci ildə 7 elmi-tədqiqat işi başa çatdırılıb. Bu il institutda 5 mühüm elmi nəticə əldə edilib, 10 dissertant təhsil alıb, 3 doktorluq və 8 namizədlik dissertasiyaları müdafiə olunub. İnstitutda il ərzində 15 ümumrespublika elmi seminarı keçirilib.
Sonda AMEA YEB-in akademik-katibi, akademik Arif İsmayılzadə, AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Budaq Budaqov, AMEA-nın müxbir üzvləri Əkbər Feyzullayev və Vasif Babazadə, coğrafiya elmləri doktoru Elbrus Əlizadə, geologiya- minerologiya elmləri doktoru Məcid Bağmanov hesabatla bağlı çıxış ediblər, təkliflərini bildiriblər, institutun 2011-ci ildəki fəaliyyətini müsbət qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə