2011-ci ildə ölkədə piratçılığın səviyyəsi audio-video məhsul bazarında 90 faizdən 70 faizə enib

2011-ci ildə ölkədə piratçılığın səviyyəsi audio-video məhsul bazarında 90 faizdən 70 faizə enib

"Piratçılığa qarşı aidiyyəti orqanlar tərəfindən görülən tədbirlər nəticəsində son illərdə 15 min nüsxədən çox pirat CD, DVD, audio və videokasset satış şəbəkələrindən çıxarılıb. Müəllif Hüquqları Agentliyinin müvafiq dövlət orqanları ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanda piratçılığın səviyyəsi xeyli aşağı düşüb". Bunu SİA-ya açıqlamasında 2011-ci ildə bu sahədə görülən işlər barədə məlumat verən hüquq şöbəsinin müdiri Xudayat Həsənli deyib.

Onun sözlərinə görə, Azərbaycan MDB məkanında yeganə ölkədir ki, Ümumdünya Ticarət Təşkilatına daxil olmadan ABŞ-ın 301-ci Proqramının pirat ölkələr sırasından çıxarılıb. X.Həsənli qeyd edib ki, 2005-ci illə müqayisədə 2011-ci ildə ölkədə piratçılığın səviyyəsi kitab nəşri sahəsində 61 faizdən 40 faizə, audio-video məhsul bazarında 90 faizdən 70 faizə, proqram təminatında 96 faizdən 88 faizə endirilib.

2011-ci ildə görülən işlər barədə ətraflı məlumat verən şöbə müdiri vurğulayıb ki, bu dövr ərzində 517 əsər qeydiyyatdan keçirilib: "Hazırda MHA-nın rəqəmli multimedia kitabxanasında 1000-dən artıq folklor nümunəsi və Azərbaycanın mədəni irsinə aid digər obyektlər toplanıb. İl ərzində əsərlərin və müəlliflərin rəqəmli qeydiyyat bazası yeniləşdirilib, burada indiyədək qeydiyyatdan keçirilmiş 8 mindən artıq əsər və digər oxşar əqli mülkiyyət obyektləri və onların müəllifləri haqqında məlumatlar toplanıb.Əsərlərdən istifadəyə görə istifadəçi təşkilatlar tərəfindən 110318.35 manat qonorar hesablanıb, 265 nəfər müəllifə 69282 manat qonorarın elektron kartlar vasitəsilə ödənilməsi təmin edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə