Azərbaycanın nümayəndə heyəti İngiltərədə keçirilən beynəlxalq sərgidə iştirak edəcək

Azərbaycanın nümayəndə heyəti İngiltərədə keçirilən beynəlxalq sərgidə iştirak edəcək

11-14 yanvarda İngiltərənin paytaxtı Londonda keçirilən təhsildə innovasiyaların və müasir texnologiyaların tətbiqinə həsr olunmuş BETT 2012 beynəlxalq sərgisində Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. SİA-nın xəbərinə görə, nümayəndə heyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırlması üzrə İdarənin rəisi Samir Məmmədov başçılıq edəcək.

"Təhsildə innovasiyaların tətbiqinə həsr olunmuş dünyanın ən iri tədbirlərindən sayılan BETT-də iştirakın məqsədi mövcud müaisr texnologiyalar ilə tanışlıq və onların Azərbaycanda istifadəsini imkanlarının nəzərdən keçirməkdir. BETT-də Azərbaycan təhsil şəbəkəsi (AzEduNet), pedaqoji kadrların İKT üzrə biliklərinin artırılması, elektron tədris resurslarının hazırlanması, Edu.az Milli Təhsil Portalı, "Elektron məktəb" pilot layihəsi, təhsilin idarəolunmasında informasiya texnologiyalarının tətbiqi, "Həmkara dəstək" və "1 şagird – 1 kompüter" layihələri haqqında geniş məlumat veriləcək.

"Mədəd" təşkilatı tərəfindən dövlət proqramı çərçivəsində kadr hazırlığı haqda informasiya mübadiləsi aparılacaq. Bundan əlavə, "Mədəd" təşkilatının icraçı direktoru Vüsal Xanlarovun sərgidə təqdim edilən təhsil sistemində İKT-nin tətbiqi üzrə müəllimlər üçün təlim proqramlarının öyrənilməsi də gözlənilir.

Qeyd etmək lazımdır ki, bu il BETT sərgisində 600 şirkətin və 30 min ziyarətçinin iştirakı gözlənilir. BETT sərgisi təhsildə innovasiyaların və texnologiyaların tətbiqi üzrə dünyanın aparıcı sərgisidir. Məhz bu sərgidə hər il təhsildə tətbiq edilən ən son texnoloji avadanlıqlar və proqram həlləri nümayiş etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə