Xəzər regionunun hidrometeoroloji parametrləri üzrə məlumat bazası yaradılıb
Geologiya İnstitutu tərəfindən 1:500 000 miqyaslı "Azərbaycan Respublikası və ətraf ərazilərin geodinamik əsaslı tektonik xəritəsi"nin rəqəmsal variantı işlənib hazırlanıb. SİA-nın xəbərinə görə, bunu Geologiya İnstittutunun direktoru Akif Əlizadə ötən ilin yekununa dair keçirilən hesabat yığıncağında məlumat verib. O bildirib ki, keçən il Şəki-Şamaxı, Quba, Şamaxı-İsmayıllı geodinamik poliqonlarında qravitasiya potensialının səciyyəvi anomal dəyişiklikləri öyrənilib. Onun sözlərinə görə, 30 ildə maqnitudaları 4 -6,5 olan zəlzələlərdən əvvəl seysmomaqnit effektlərin müəyyənləşdiyi bütün məlumatların saxlanıldığı elektron bankı yaradılıb.
"Abşeron yarımadasında və Xəzərin qərb sahilində yerləşən GPS nöqtələrində monitorinq aparılıb və seysmotektonik deformasiyalar öyrənilib. Deformasiya və seysmik məlumatlar əsasında ərazinin risk xəritələri hazırlanıb", - deyə o əlavə edib.
A.Əlizadə qeyd edib ki, ötən il ərzində institutun alimləri Abşeron arxipelaqının dibinin rəqəmsal xəritəsini tərtib edib: "Ötən il ərzində institutun alimləri AMEA Coğrafiya İnstitutunun mütəxəssisləri ilə birlikdə "Distansion zondlama və dəniz tədqiqatları məlumatlarından istifadə etməklə, Xəzər dənizi ətraf mühitinin vəziyyətinin GİS analizi" üzrə tədqiqatları davam etdiriblər. Bu işlər nəticəsində Xəzər regionunun hidrometeoroloji parametrləri üzrə məlumat bazası yaradılıb, sualtı vulkanlar və antropogen çirklənmə mənbələri göstərilməklə Abşeron arxipelaqının dibinin rəqəmsal xəritəsi tərtib edilib. Xəritədə Bakı buxtası və Abşeron arxipelaqı akvatoriyasındakı neft ləkələri aşkar edilib və kəmiyyətcə qiymətləndirilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB