Dövlət proqramının icrası gənc alimlərin problemlərini həll edəcəkmi?-ARAŞDIRMA

Dövlət proqramının icrası gənc alimlərin problemlərini həll edəcəkmi?-ARAŞDIRMA

Ötən il prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"nın icrası istiqamətində cari il mühüm işlərin görülməsi nəzərdə tutulur. Dövlət proqramından irəli gələrək Azərbaycanda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmalıdır. Cari ildən başlayaraq proqramın icrası istiqamətində müvafiq qurumlar tərəfindən müəyyyən işlərin görülməsinə başlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Arif Həşimov gənclər haqqında prezident tərəfindən təsdiq olunan xüsusi proqrama əsasən gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasında mövcud problemlərin həlli istiqamətində işlərə başlandığını deyib. O bildirib ki, gənclərin həm sosial müdafiəsi, təhsili, ümumiyyətlə, onların cəmiyyətdə yeri və mövqeyi bu proqramda öz əksini tapıb. A.Həşimov vurğulayıb ki, eyni zamanda, bu proqramda elmi ictimaiyyət, Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında xeyli problemlər qoyulub və buna uyğun olaraq gənclərin hərtərəfli, kompleks fəaliyyəti üçün şərait yaradılması əsas götürüləcək.

"Bundan başqa, akademiyanın daxilində də həm gənclərin sosial müdafiəsi, həm onların elmi-tədqiqatlarının respublika və xaricdə aparılması üçün müəyyən işlər yerinə yetirilir. Bizi maraqlandıran ən əsas məsələlərdən biri onların doktoranturda təhsilləri, elmi–tədqiqatların aparılması və onların beynəlxalq tədbirlərdə iştirakıdır. Belə beynəlxalq tədbirlərdə iştirak üçün gənclərə xüsusi diqqət yetirilir və akademiya müvafiq işlər görülür. Çünki gənclərin inkişafı üçün onlar mütləq beynəlxalq konfranslarda, tədbirlərdə iştirak etməlidirlər. Bu iştirakı təmin etmək üçün çalışırıq ki, gənclərimiz maksimum dərəcədə bundan faydalana bilsinlər. Gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də akademiyada işlər görülür. Doktorantura və ya əyani təhsil alan gənclərin müvafiq institutlarda müəyyən qədər işlə təmin olunmasına çalışacağıq ki, onların əmək haqlarına əlavələr verilsin. Bundan əlavə, hər il keçirilməsi nəzərdə tutulan işlər cari ildə də davam etdiriləcək", - deyə o əlavə edib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə bir müddət öncə açıqlamasında qeyd edib ki, Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında əks olunan bəndlərin icrası üçün hər il üçün konkret maliyyə vəsaiti ayrılıb. Onun sözlərinə görə, qarşıdakı 4 ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrasına 80 mln. manat vəsait ayrılacaq: "Bu çərçivədə biliklərin artırılması, təcrübələrin bölüşdürülməsi, biznes mühitinin yaradılması, əlaqələrin genişləndirilməsi nəzərdə tutulur. Vəsaitin ayrılması bu ildən başlanacaq və birinci il üçün proqramın icrasına 20 mln. manat məbləğində vəsait ayrılıb".

Hər halda, gənclərlə bağlı mövcud problemlərin həllinə nə qədər zamanın lazım olacağını indidən demək çox çətindir. Amma inanırıq ki, bu proqramın icrası nəticəsində müəyyən problemlərin həllinə nail olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə