Azərbaycan paytaxtı 2012-ci ili möhtəşəm təntənə ilə qarşıladı

Azərbaycan paytaxtı 2012-ci ili möhtəşəm təntənə ilə qarşıladı

Artıq 2011-ci il tarixə çevrilib. Yola saldığımız il yaddaşımıza ölkəmizin dinamik inkişafı, uğurlar ili kimi həkk olunub. Azərbaycanımız böyük iqtisadi inkişafa nail olmuş, beynəlxalq mövqelərini möhkəmləndirib. Ölkəmizin həyatının bütün sahələri çox uğurla və sürətlə inkişaf edib, Azərbaycan iqtisadi artım tempinə görə lider mövqelərini yola saldığımız ildə də qoruyub saxlayıb. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsində möhtəşəm qələbəsi, müstəqilliyimizin bərpa olunmasının 20 illiyinin təntənə ilə qeyd edilməsi yola saldığımız ildə tariximizə yazılmış ən parlaq səhifələrdir.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti dekabrın 31-də paytaxtda möhtəşəm bayram atəşfəşanlığı təşkil edib.

Dəqiqələr ötdü və xalqımız 2012-ci ilə qədəm qoydu. Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında sürəkli möhtəşəm atəşfəşanlıq yeni ilin ab-havasına bürünmüş şəhərimizin soyuq qış səmasını əlvan rənglərə boyadı.

Bu möhtəşəm gözəlliyi seyr etmək üçün şəhərimizin küçə və meydanlarına axışan bakılılar və paytaxtımızın qonaqları əsası ümummilli liderimiz Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində gündən-günə gözəlləşən, yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraqla seyr ediblər. Al-əlvan işıq selinə qərq olmuş Bakımızın Yeni il gecəsinin səma görüntüsü illər boyu yaddaşlardan silinməyəcəkdir.

Xalqımız köhnə ili təmtəraqla yola saldı, Yeni ilə xoş arzuların, ümidlərin, yeni qələbələrin sorağı ilə qədəm qoydu.

Qədəmlərin uğurlu olsun, Yeni il.

Bütün xəbərlər Facebook səhifəmizdə