Azərbaycanda və dünyada baş vermiş təbii fəlakətlər İLİN YEKUNU

Meşə yanğınları, partlayışlar, zəlzələ və sunamilər, bir sözlə təbii fəlakətlər. Bayram günü bu haqda danışmaq xoş olmasa da yola saldığımız ilin gerçəkləridir. Biz sadəcə həyatımızda xoş olmayan bu hadisələrə bir daha diqqət yetirəcəyik. Azərbaycan respublikasında 2011-cu ilin 9 ayı ərzində 5757 təbii və texnogen mənşəli hadisə baş verib. Baş vermiş hadisələr nəticəsində 48 nəfər həlak olub, 137 nəfər xəsarət alıb, 36 nəfər xilas edilib və 310 nəfər təxliyə olunmuşdur.

Yanğınlara gəlincə, 2011-ci ilin 9 ayı ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq FHN-a 5633 zəng daxil olub. Yanğın hadisələri zamanı 37 nəfər həlak olub, 93 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 4 nəfər və ya 12%, xəsarət alanların sayı isə 6 nəfər və ya 7% çoxdur.

2011-ci ilin 9 ayı ərzində respublika ərazisində 21 partlayış hadisəsi baş verib, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 hadisə və ya 10% çoxdur. Partlayışlar zamanı 6 nəfər həlak olub, 34 nəfər xəsarət alıb, 300 nəfər təxliyə olunmuşdur.

Dünyada baş verən təbii fəlakətlərə nəzər salsaq görərik ki, 2011-ci ilin yanvarın 13-də Braziliyada sürüşmələr nəticəsində 160 nəfər ölüb, 2000-dən çox şəhər sakini evsiz qalıb. Qonşu Petropolis və Nova-Friburquda 25, San-Pauluda isə 13 nəfər təbii fəlakətin qurbanına çevrilib.

Amerika Birləşmiş Ştatlarında (ABŞ) isə şiddətli fırtına 305 nəfərin ölümünə gətirib çıxarıb. Dəyən maddi zərərin məbləği milyardlarla dollar həcmində ölçülüb. Tuskaluza şəhərinə düşən 1,6 kilometr genişliyində burağan ştatın tarixində ən böyük burağan sayılır. Missisipidə 33, Tennesidə 33, Corciyada 14, Virciniyada 5, Kentukkidə 1 nəfərin ölümü rəsmən təsdiqlənib.

Çin də güclü daşqın və torpaq sürüşməsindən yan keçməyib. Çinin Siçuan əyalətində baş verən güclü daşqın və torpaq sürüşməsi nəticəsində 57 nəfər ölüb, 11 nəfər itkin düşüb. Təbii fəlakət zonasında 31 min ev sular altında qalıb, on minlərlə hektar əkin sahəsi sulara qərq olub. Siçuan əyalətinə dəyən maddi ziyan isə 940 milyon dollar olub.

Tailand və Kambocada isə sel 219 nəfərin həyatına son qoyub. İyul ayından etibarən güclü yağışların Tailandda 158, Kambocada 61 adamın ölməsinə, təxminən isə 1 milyon hektarlık sahənin də sular altında qalmasına gətirib çıxarıb. Ölkənin şimalında və mərkəzindəki 23-ə yaxın ərazinin sular altında qalıb, 2 milyon adam isə sel fəlakəti və yağışlardan zərər görüb.

Türkiyənin Van vilayətində oktyabrın 23-də 7,2 bal gücündə baş vermiş zəlzələ 500-ə yaxın insanın ölümünə, 1650 nəfərin isə yaralanmasına gətirib çıxarıb. 7,2 bal gücündə zəlzələ ümumilikdə 2262 tikilinin dağılması ilə nəticələnib.

Ötən dövr ərzində Pakistanda daşqın nəticəsində ölənlərin sayı 434-ə çatıb. Onlardan 107-si uşaqdır. Ümumilikdə daşqınlarda bu və digər dərəcədə 8,9 milyon adam zərər çəkib. Xatırladaq ki, Pakistanda ötən il də geniş-miqyaslı daşqın baş vermişdi. Həmin vaxt 1700-ə yaxın insan ölüb, 20 milyondan çox insan öz evini tərk etməli olmuşdu.

Filippində isə "Vaşi" fırtınası 143 nəfərin ölümünə, 125 nəfər itkin düşməsinə səbəb olub. Ölkənin cənubunda Mindano adasındakı Cagayan de Oro limanında 95 nəfərin cəsədi tapılıb, 48 nəfər təbii fəalkətin qurbanına çevrilib.

Bütün bu və ya digər hadisələrlə əlaqədar Azərbaycan respublikası Fövqəladə Hallar nazirliyinin qüvvələri ötən müddət ərzində zəlzələdən zərərçəkmiş insanlara kömək məqsədilə İran İslam Respublikasına, subasmadan zərərçəkmişlərə kömək məqsədilə Gürcüstan Respublikasına humanitar yardımlar çatdırıb, sel fəlakətini yaşamış Pakistan İslam Respublikasına yardım edib. 2011-ci il oktyabrın 23-də Türkiyənin Van vilayətində baş verən güclü zəlzələ zamanı Prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən təbii fəlakət zonasına 200-dən çox xilasedici, 1400 ədəd çadır, 2300 ədəd yataq ləvazimatı və digər lazımi əşyalar göndərildi. Fəlakət zonasına gələn Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasediciləri apardıqları axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 12 nəfərin sağ çıxarılmasına nail oldular.


Ümid edək ki, yeni ildə yalnız xoş hadisələrlə rastlaşarıq.Təbiət insanlarla daha mülayim davranar.İnsanlarda davranışları ilə təbiətə xidmət edərlər. Yeni ildə görüşənədək.


Bütün xəbərlər Facebook səhifəmizdə