Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib

Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib

Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib. SİA-nın Ədliyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iclasda prezident İlham Əliyevin ötən ay peşə bayramı ərəfəsində \"Tərəqqi\" və \"Dövlət qulluğunda fərqlənməyə görə\" medalları ilə təltif etdiyi ədliyyə işçilərinə nazir Fikrət Məmmədov tərəfindən dövlət mükafatları təqdim edilib. Dövlət təltifinə layiq bilinmiş əməkdaşlar çıxış edərək onların fəaliyyətinə verilmiş yüksək qiymətə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.


Kollegiyada dövlət başçısının dekabrın 27-də təsdiq etdiyi insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına dair Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələr müzakirə olunaraq, bu mühüm sənədin ədliyyə işçiləri tərəfindən mükəmməl öyrənilməsi və mütəşəkkil icrasının təmin olunmasına dair müvafiq tapşırıqlar verilib. İclasda dövlət başçısı tərəfindən dekabrın 26-da imzalanmış və 92 nəfərə şamil olunmuş əfv Sərəncamının ombudsmanın, millət vəkillərinin, Əfv Komissiyası üzvlərinin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə təxirə salınmadan icrası bildirilib. Eyni zamanda, ölkədə qəbul edilmiş 50 əfv aktının 5300-dən çox şəxsi əhatə etdiyi, bu növbəti humanist addımı əfv edilmiş şəxslərin və yaxın qohumlarının yüksək qiymətləndirərək dövlət başçısına dərin minnətdarlıqlarını ifadə etdikləri qeyd olunub.

İclasda həmçinin, ədliyyə orqanlarının fəaliyyət istiqamətləri üzrə il ərzində görülmüş işlərin nəticələri müzakirə edilib, o cümlədən dövlət başçısının siyasi iradəsi ilə korrupsiyaya qarşı aparılan sərt mübarizə sahəsində tədbirlər vurğulanıb, antikorrupsiya monitorinqləri həyata keçirən QHT-lər tərəfindən Ədliyyə Nazirliyinin fəaliyyətinin təqdir edilməsi qeyd olunub, habelə növbəti il üçün prioritetlər müəyyən edilərək qarşıda duran vəzifələrlə bağlı zəruri tapşırıqlar verilib.
Bununla yanaşı, nazirliyin bəzi normativ-hüquqi aktlarının təkmilləşdirilməsi ilə bağlı məsələ müzakirə olunub.
İclasda bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə