Metyu Brayza: \"Bir il ərzində ölkələrimiz arasında strateji sahədə əməkdaşlıq güclənib\"

Metyu Brayza: \"Bir il ərzində ölkələrimiz arasında strateji sahədə əməkdaşlıq güclənib\"
Bu il ərzində biz səfirlik olaraq ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluğun qurulması üçün yaxşı iş görmüşük". SİA-nın məlumatına görə, bu fikirləri ABŞ səfiri Metyu Brayza keçirdiyi mətbuat konfransında deyib. Səfir münasibətlərdə strateji maraq kəsb edən üç sahəni – təhlükəsizlik, energetika və daxili islahatları xüsusi vurğulayıb: "Təhlükəsizlik sahəsində hərbi sferaya dair bir neçə proqram həyata keçirilib. Xəzərdə təhlükəsizlik infrastrukturunun yaradılması prosesi intensivləşdirilib. ABŞ Azərbaycanla əməkdaşlıq çərçivəsində Sahil Mühafizəsinin yaradılması və möhkəmləndirilməsinə dəstək verib, Əfqanıstana yüklərin çatdırılmasında əməkdaşlıq gücləndirilib". Səfir hər il 5 minə yaxın təyyarənin Azərbaycanın hava dəhlizindən istifadə edərək Əfqanıstana yük daşıdığını bildirib: "Buna görə də Azərbaycan Əfqanıstana yüklərin çatdırılmasında son dərəcə mühüm rol oynayır, eyni zamanda bu, Azərbaycana ticari baxımdan xeyir gətirir". Prezidentlərin Kazan görüşünün mühüm olduğuna diqqət çəkən səfir Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün nizamlama prosesinə pozitiv təsir edəcəyinə ümidvar olduğunu deyib. Səfir münaqişənin həllinin zəruriliyini və status-kvo vəziyyətinin qəbuledilməz olduğunu xüsusi vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə