UNDP Azərbaycanla bağlı səhvini etiraf edib

UNDP Azərbaycanla bağlı səhvini etiraf edib

UNDP İnsan inkişafı indeksinə görə Azərbaycanın dünya ölkələri arasında 91-ci pillədə yer alması barədə hesabatında səhv etdiklərini etiraf edib. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, düzgünlüyü şübhə doğuran bu məlumat Dövlət Statistika Komitəsində kompleks təhlil edilib, "İnsan İnkişafı Hesabatı 2011"-in müəlliflərinə, BMT-nin, YUNESKO-nun Statistika İnstitutunun ekspertlərinə rəsmi müraciət olunmuş və məsələnin araşdırılması xahiş olunub.

Qeyd edək ki, cari il noyabrın 2-də BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən "İnsan İnkişafı Hesabatı 2011" açıqlanıb. Yayılmış məlumatda İnsan inkişafı indeksinə görə Azərbaycanın dünya ölkələri arasında 91-ci pillədə yer alması göstərilib.

Dövlət Statistika Komitəsinin iki aya yaxın bu sahədə apardığı təkidli yazışmaları nəticəsində BMT-nin İnkişaf Proqramı (UNDP) öz səhvini etiraf edib. Səhv "təhsilin orta müddəti" göstəricisinin 11,1 il əvəzinə, UNDP tərəfindən yanlış olaraq 8,6 il kimi nəzərə alınması ilə bağlı olub. UNDP-nin "İnsan İnkişafı Hesabatı 2011"-in tərtibinə məsul şəxs cənabMilorad Kovaçeviçbaş vermiş anlaşılmazlığa görə təəssüfləndiyini bildirməklə yanaşı, Dövlət Statistika Komitəsinə rəsmi olaraq bəyan edib ki, bu xəta UNDP tərəfindən aradan qaldırılıb. Nəticədə, dünya ölkələrinin sıralamasında (renkinqində) Azərbaycanın yeni mövqeyi 76-cı pillədədir.

Həmin hesabatda "Adambaşına Ümumi Milli Gəlir" göstəricisi üzrə tərtib edilən renkinqdə isə ölkəmiz 81-ci yerdədir. Beləliklə, Azərbaycan mühüm əhəmiyyət kəsb edən başqa bir göstəriciyə görə də öz əvvəlki müsbət mövqeyini qoruyub saxlayıb - "İnsan İnkişafı İndeksi" üzrə renkinqdəki yerimiz (76) "Adambaşına Ümumi Milli Gəlir" göstəricisi üzrə yerimizi (81) 5 pillə qabaqlayıb.

Ümumdünya praktikasına görə isə bu, Azərbaycan iqtisadiyyatının insan inkişafı məqsədlərinə kifayət qədər yaxşı istiqamətləndirilməsinin göstəricisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə