“Multimedia” Mərkəzi təkzib etdi

“Multimedia” Mərkəzi təkzib etdi

"Multimedia" Mərkəzini mətbuata açıqlama yayıb. SİA-nın xəbərinə görə, "Multimedia" Mərkəzinə edilən müraciətlərə cavab olaraq bildiririk ki, Media Hüququ İnstitutu (MHİ) tərəfindən açıqlanan "Dövlət qurumlarının şəffaflıq hesabatı"nın "Multimedia" Mərkəzinə hər hansı bir aidiyyatı yoxdur. Multimedia Mərkəzinin 2006-cı ildən başlayaraq peşəkar səviyyədə həyata keçirdiyi "Dövlət qurumlarının informasiya açıqlığının monitorinqi", "İnformasiya açıqlığı üzrə reytinq cədvəli" və müvafiq hesabatlar "İnformasiya azadlığı" (www.informasiya.org) İnternet resursunda yerləşdirilib. Hər bir dövlət qurumu üzrə alınan nəticələr və tövsiyələr də illər üzrə bu resursda yerləşdirilib.

Müraciətlərə cavab olaraq Mərkəz bildirir ki, MHİ tərəfindən hazırlanan hesabatda "Multimedia" Mərkəzinin nəticələrindən və ümumiyyətlə hesabatlarımızda yer alan fikirlərdən istifadə edilməsini güman etmək üçün müəyyən əsaslar var. Ancaq Mərkəz vətəndaş cəmiyyətinin inkişafına yönələn istənilən təşəbbüsləri dəstəklədiyindən bunun araşdırılması istiqamətində hansısa addımlar atmaq niyyətində deyil.

Bununla belə "Multimedia" Mərkəzinin əldə etdiyi nəticələrin zaman-zaman MHİ tərəfindən də ciddi və peşəkar olaraq dəyərləndirilməsinə, uğurlu hesab edilməsinə baxmayaraq bu qurum tərəfindən yenidən oxşar metodika və tam oxşar yanaşma əsasında təkrar bir layihənin icrası bir qədər çaşqınlığa səbəb olub. Əlbəttə, hər hansı layihəni seçmək qurumun öz işidir. Amma, fikrimizcə, uzun müddətdən bəri mövcud olan uğurlu bir layihə ilə tam eynilik təşkil edən bir layihəni dəstək məqsədilə donorlara təqdim etməkdənsə, yeni bir problemin ictimailəşməsinə diqqət yetirilməsi vətəndaş cəmiyyətinin inkişafı üçün daha faydalı olardı.

"Multimedia" Mərkəzi dövlət qurumlarının informasiya açıqlığı, rəsmi dövlət saytlarının monitorinqi istiqamətində fəaliyyətini davam etdirir və nəticələr haqqında ictimaiyyətə məlumatlar veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə