“Səs” qəzetinin redaksiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş dəyirmi masa keçirilib - TƏDBİR

“Səs” qəzetinin redaksiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş dəyirmi masa keçirilib - TƏDBİR

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır. Ümummilli liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı. Zaman keçdikcə diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindənqoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarınımüdafiə etməkdən ibarətdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması əsas məsələyə çevrildi.

Hələ 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir.

Belə bir tarixi günlə bağlı "Səs" qəzetində dəyirmi masa təşkil olundu. SİA-nın xəbərinə görə, tədbirdə millət vəkili Aydın Mirzəzadə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva, \"Yeni Azərbaycan\" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavanşir Vəliyev iştirak edirdilər.

- "Səs" qəzetinin əməkdaşı: Ümummilli Lider Heydər Əliyevin 20 il bundan əvvəl irəli sürdüyü təşəbbüs nəticəsində təsis edilən 31 Dekabr Həmrəylik Günü dünyanın bütün ölkələrində yaşayan soydaşlarımızın ən əziz bir bayramıdır. Xalqımızın birlik və mütəşəkkilliyini, milli təəssübkeşlik və vətənə sədaqət rəmzini ifadə edən bu bayrama hər kəsin münasibətini bilmək maraqlı olardı. Sizcə vətənimizin hüdudlarından kənarda yaşayan soydaşlarımızın arasında Azərbaycançılıq ideyasının və milli təəssübkeşlik duyğularını qənaətbəxş hesab etmək mümkündürmü?

Aydın Mirzəzadə: - 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ifadə etdiyi ad elə həmrəyliyin nümunəsinin ifadəsidir. Azərbaycanlılar bu gün dünyanın müxtəlif ölkələrində yaşayırlar. Hər bir azərbaycanlının ümumi mədəniyyətə və ümumi tarixə söykənməsini istərdik. Belə ki, azərbaycanlılar tarixi vətənlərini yaşadıqları məkandan asılı olmayaraq unutmamalıdırlar. Hər kəs öz uğurlu nailiyyətlərində biri-biri ilə həmrəy olmalıdır. Belə bir ərəfədə hər bir azərbaycanlının vətən ətrafında birləşib həmrəyliyik göstərməsini arzulayardıq. Bu bayramın yaranma tarixi qısa olsa da, bütün dünya azərbaycanlılarının böyük bir bayramına çevrilib. İstər Azərbaycanın daxilində, istərsə də, onun hüdudlarından kənarda görüşlərimiz olarkən həmyerlilərimizin 31 Dekabr Həmrəylik Günü ilə bağlı kifayət qədər məlumatlı olduqlarını görürük. Belə bir bayram günündə \"Səs\" qəzeti tərəfindən həmrəylik günümüzə həsr olunmuş dəyirmi masanın təşkilinə çox şadam.

\"Səs\" qəzetinin əməkdaşı: - Cavanşir müəllim, bu il paytaxtımızda Dünya Azərbaycanlılarının III Qurultayı keçirildi. Maraqlıdır ki, Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlıları ilə iş prinsipini hansı əsaslar üzərində qurur?

Cavanşir Vəliyev: - Dünya Azərbaycanlıları tarixi bir hadisəni yaşadılar. Bakıda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək dünya azərbaycanlıları qarşısında duran əsas vəzifələri qeyd etdi. Qurultay Dünya Azərbaycanlılarının idarə heyətinin şurasını seçdi və İlham Əliyev həmin şuranın rəhbəri təyin olundu. Bu ilin dekabr ayının 22-də Prezident İlham Əliyev tərəfindən Dünya Azərbaycanlılarına müraciət olundu və Prezidentimiz onları Həmrəylik Günü münasibətilə təbrik etdi. Müasir dövrümüzdə bütün dünyada 421 diaspor təşkilatı fəaliyyət göstərir. Bizim əsas məqsədimiz dünyada yaşayan azərbaycanlıları təşkilatlandırmaq və bir sistem şəklində onların fəaliyyətinə yönəltməkdən ibarətdir. Dünyada yaşayan azərbaycanlılar bizə sual edirlər ki, diaspor təşkilatı olaraq hansı əsaslar üzərində fəaliyyətimizi qurmalıyıq ki, bütövlükdə sizin məqsəd və tələblərinizi ifadə edə bilək. Azərbaycana xidmət ən böyük məqsəd olaraq onların məsuliyyətidir. Elm, idman, mədəniyyət, incəsənət və digər sahələrdə yüksək göstəricilər əldə etməklə Azərbaycana xidmət etmiş olarlar. Möhtərəm Prezidentimizin ünvanladığı müraciətdə dünyada yaşayan Azərbaycanlıları təbrik etməklə bərabər, "Eurovizion – 2011" Mahnı Müsabiqəsində Avropa ölkələri sırasında Azərbaycanın birincilik qazanmasında onların səmərəli fəaliyyətini də qeyd edərək bundan sonrakı işlərində də belə həmrəylik nümayiş etdirmələrini vurğulamışdır.

\"Səs\" qəzetinin əməkdaşı: - Hikmət müəllim, bu günümüzün ən aktual məsələlərindən biri olan Dünya Azərbaycanlılarının Həmrəylik sahəsində görülən işlər və nailiyyətlər çağdaş mətbuatımızda hansı formada öz əksini tapır?

Hikmət Babaoğlu: - İlk olaraq onu deyim ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaradılması ideyası Ulu Öndərin adı ilə bağlıdır. Bildiyiniz kimi, hələ Naxçıvanda olarkən Ulu Öndər belə bir qərara gəlmişdir ki, Azərbaycan xalqının həmrəyliyini, milli, siyasi ideoloji həmrəyliyini təmin etmək üçün güclü dövlət yaratmaq lazımdır. Nəticə etibarı ilə bu Azərbaycan lobbiçiliyini yaratmaq, diaspor təşkilatlandırmaqdan ibarət idi. Sonrakı zamanda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olundu. Bu müasir məsələ deyildi. Bu çağdaş dövlətçiliyin gətirdiyi tələb deyildi. Bu məsələnin dərin tarixi kökləri var. Biz orta və ilkin orta əsrlərdə və daha qədim dövrlərdə mövcud olmuş dövlətlərdə bu cür tendensiyaların - lobbiçiliyin olduğunu müşahidə edirik. İstənilən bir ölkədə baş verən hadisələrə təsir etmək üçün o millətin nümayəndələri, yaxud milli etnik baxımından o millətə aid olmasa belə, sadəcə onun maraqlarını müdafiə etmək üçün yaradılmış ayrı-ayrı şəxslərin tarixi qərarlarının təsirini görmüşük. Tutaq ki, Osmanlı dövründə osmanlıların tarixi yürüşünün qarşısını almaq üçün səbrəzəmlərdən birinin Avropada lobbiçilik etdiyini müşahidə edirik. Bəzi hallarda bu məsələnin üstü açılır, bəzi hallarda isə lobbiçilik fəaliyyəti real nəticəsini verirdi. Ona görə də, Azərbaycanın müstəqillik əldə etdikdən sonra lobbiçilərin olması zərurətə çevrildi. Azərbaycan diasporun təşkilatlanması önəmli məsələyə çevrildi. Bu həm formal, həm də qeyri-formal institutlar vasitəsilə həyata keçirildi. Sonradan Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması Ulu Öndərin bu məsələyə nə qədər böyük diqqət ayırdığını göstərdi. Sonrakı mərhələlərdə mətbuat bilavasitə bu məsələlərin təbliğatçısı qismində öz rolunu mənim qənaətimə görə lazımi bir şəkildə yerinə yetirir. Mətbuat ötürücü, təbliğat, təşviqat vasitəsidir. Bütün təşkilatlanmalar hüquqi, qeyri-hüquqi, leqal qeyri-leqal və s. bu və ya digər şəkildə mətbuatın iştirakı ilə baş verir. \"Səs\" qəzetinin belə bir məzmunda dəyirmi masa təşkil etməsi də onu sübut edir ki, Azərbaycan mətbuatı bu əhəmiyyətli məsələni hər zaman diqqət mərkəzində saxlayır.

Səs\" qəzetinin əməkdaşı: - Aytac xanım, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin də üzərinə belə bir məsul vəzifənin layiqli bir şəkildə həyata keçirilməsi məqsədilə böyük bir məsuliyyət düşür. Çünki gənclər çox böyük qüvvəyə malik olan varlıqdır. Bu istiqamətdə gənclər arasında hansı formada işlər görülməkdədir?

Aytac Əliyeva: - Yeni Azərbaycan Partiyası yarandığı zamandan bütün sahələrdə olduğu kimi xaricdə yaşayan azərbaycanlı gənclərlə də əlaqələrini genişləndirmiş və bu istiqamətdə işlər davam etməkdədir. Bu gün YAP Gənclər Birliyi ilə istər qonşu ölkələrdə, istərsə də, ərəb, Asiya, Avropa ölkələrində beynəlxalq qurumlarla sıx əlaqələr yaradılmışdır. Siyasi qurumlar, beynəlxalq təşkilatlarla yaradılmış əlaqələr qarşılıqlı bir şəkildə həyata keçirilir. YAP Gənclər Birliyi Türkiyənin "Ədalət və İnkişaf Partiyası", Ukraynanın hakim Gənclər Partiyası, Rusiyanın "Molodaya Qvardiya", eləcə də Avropanın bir sıra öndə gedən partiyaları ilə sıx fəaliyyətdədir. Eləcə də, Rusiya-Azərbaycan Gənclər Təşkilatının III konqrensində partiyamızın gənclər birliyinin nümayəndəsi iştirak etmişdir. Həmin konqrensdə çıxış edən nümayəndə dövlət gənclər siyasətinin həyata keçirilən işləri ilə bağlı məlumat vermişdir. Avropanın ən böyük siyasi qurumlarından biri olan Avropa xalqlar partiyasının Gənclər Qoruğu ilə YAP Gənclər Birliyi çox yaxından əməkdaşlıq edir. Bu günlərdə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin nümayəndə heyəti Brüsseldə səfərdə oldu. Orada nəinki Avropa Partiyasının rəhbərləri ilə, eyni zamanda, bir sıra Avropa Birliyinin, Avropa Parlamentinin və s. təşkilatların nümayəndələri ilə görüşlər keçirərək, Azərbaycan həqiqətlərini onlara çatdırmışdır.

\"Səs\" qəzetinin əməkdaşı: - Aydın müəllim, bu gün Azərbaycan torpaqlarının 20 faizi erməni qəsbkarlarının işğalı altındadır. Qələbəyə, ədalətin təntənəsinə gedən yolu qısaltmağın vacib şərtlərindən birinin də birliyimiz və həmrəylikdən keçdiyini söyləmək olarmı?

Aydın Mirzəzadə: - Torpaqlarımızın bir hissəsinin işğalı çox təəssüf ki, müstəqilliyimizin təməlinin möhkəm olmadığı zamana təsadüf edir. Bu gün Ermənistan tərəfindən işğal olunan torpaqların azad olunması istiqamətində Azərbaycan Prezidenti cənab İlham Əliyev ardıcıl olaraq görüşlər keçirir, bu məsələnin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar aparır. Bu məsələnin həllində Dünya Azərbaycanlılarının Həmrəyliyi əhəmiyyətli faktorlardan biridir. Dünya Azərbaycan həqiqətləri haqqında lazımi dəlilləri bilməlidir. Azərbaycanın ümumi maraqları dünyaya təqdim edilməlidir. Dünya ölkələrində yaşayan azərbaycanlıların fəaliyyəti ilə bağlı faktlar onu göstərir ki, həmyerlilərimiz dövlətimizlə bağlı güclü, məqsədyönlü fəaliyyətdədirlər. Erməni diasporunun apardığı təbliğata qarşı daha güclü, təsirli təbliğatın aparılması sevindirici haldır. Azərbaycanın tarixi, mədəniyyəti, dili və s. məsələlərlə bağlı faktorları ortaya qoyurlar. Dünya ölkələrində yaşayan Azərbaycanlıların yaşadıqları ölkənin ictimai-siyasi həyatında rol oynamaları artıq Azərbaycanla bağlı dəyərli fikrin formalaşmasına gətirib çıxarır. Bütün bunlar əsasında, həmrəyliyi gücləndirmək Azərbaycan torpaqlarının işğaldan azad olmasına gətirib çıxaracaq.

Hikmət Babaoğlu: - Hər bir xalqın milli gücü var. Bu milli gücü politoloqlar iki hissəyə ayırırlar. Milli gücün komponentləri - milli gücün kəmiyyət, milli gücün keyfiyyət komponentləridir. Təbii resurslar, iqtisadi güc, hərbi sənayemiz milli gücün kəmiyyət komponentləridir. Milli gücü keyfiyyət komponentlərinə isə milli əxlaq, milli psixologiya, milli həmrəylik kimi milli dəyərlərdir. Azərbaycançılıq bu milli gücün keyfiyyət komponentləri içərisində ən aparıcısıdır. Dünya azərbaycanlıları dedikdə hesab edirəm ki, təkcə milli etnik faktoru deyil. Bunu Ulu Öndərimiz daha geniş mənada düşünmüşdür. Mististav Rastropoviç də azərbaycanlıdır, Qusman da azərbaycanlıdır. Məsələyə qlobal yanaşanda bu bizim milli gücümüz, problemləri həll etmək məsələmiz görün nə qədər artır. Dünya Azərbaycanlılarının həmrəylik platformasını mən məhz bu cür görürəm. Ulu Öndərimiz də bu cür fikirləşmişdir. Biz bir yerdə olmasaq, həmrəylik göstərməsək hansısa bir problemin həllini reallaşdıra bilmərik. Əlbəttə ki, hər bir məsələnin həlli mümkündür. Hesab edirəm ki, mətbuatda bu məsələdə funksional bir təchizat kimi rolunu oynaya bilər, oynamalıdır. İstər xaricdə azərbaycanlıların təşkilatlanmasında, həmrəylik ideyasının təbliğində, diaspor təşkilatlarının funksionallığının təmin olunmasında, onların informasiya mübadiləsində, təmərküzləşməsində və s. mətbuat öz rolunu oynayır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə