Bu gün 80 çarpayılıq Daşkəsən Rayon Mərkəzi Xəstəxana binasının açılışı olub. SİA-nın xəbərinə görə, təntənəli açılışda Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, səhiyyə nazirinin müavini Elsevər Ağayev, rayon ictimaiyyətinin nümayəndələri və rayonun səhiyyə işçiləri iştirak ediblər.
Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Abıyev çıxış edərək, tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri saysız-hesabsızdır. Ən böyük xidmətlərindən biri odur ki, Azərbaycanın müstəqilliyini əbədiliyə və dönməzliyə çevirdi, ölkədə böyük inkişafın, tərəqqinin bünövrəsini qoydu. Müstəqillik, azadlıq olan yerdə inkişafın, tərəqqinin olması təbiidir. Bu gün sevincli anlarını yaşadığımız Rayon Mərkəzi Xəstəxanasının binasının açılışı da dediklərimizi bir daha təsdiq edir.
Son səkkiz ildə Azərbaycan iqtisadiyyatı üç dəfə, büdcəsi 20 dəfəyə yaxın artmış, valyuta ehtiyatının həcmi 41,5 milyard dollara çatıb. Ölkəmiz nəinki enerjiyə olan tələbatını ödəyib, əlavə olaraq Avropanın təbii qaza və neftə olan tələbatının ödənilməsində ilbəil mühüm rol oynayır. Cənubi Qafqaz iqtisadiyyatının 83 %-i Azərbaycan iqtisadiyyatı təşkil edir. Ölkəmizdən müxtəlif istiqamətlərə 7 ixrac kəməri vasitəsilə enerji daşıyıcıları göndərilir. İqtisadi kapital böyük siyasi ustalıqla insan kapitalına çevrilir. Hər bir Azərbaycan vətəndaşının yaşayış tərzi günbəgün yaxşılaşdırılır. Bütün bunların arxasında möhtərəm Prezidentimizin gərgin, gecəli-gündüzlü zəhməti, uğurla həyata keçirdiyi daxili və xarici siyasəti dayanır. Bəli, möhtərəm Prezidentimiz İlham Əliyev inkişafın Azərbaycan modelini formalaşdırıb. Ölkəmizdə gedən tərəqqini, sürətli inkişafı xarici ekspertlər qiymətləndirərək belə qənaətə gəlirlər ki, Avropa ölkələrində bu inkişaf yola nail olmaq üçün ən azı 100 il vaxt gərəkdir. Amma Azərbaycan ölkəsi bu uğurlara 20 il ərzində nail olub.
Qeyd edək ki, Rayon Mərkəzi Xəstəxana binası müasir Avropa standartlarına uyğun inşa olunmuş bir səhiyyə obyektidir. Xəstəxananın müasir tibb avadanlıqları və əsas vəsaitlərlə təminatına 1milyon 168min manatdan çox pul xərclənib.
Belə inkişaf, tərəqqi və qayğı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya bütün daşkəsənlilər adından və şəxsən öz adımdan dərin minnətdarlığımı bildirir, onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edir, gələcək işlərində uğurlar arzulayıram. Biz bu ən müasir avadanlıqlarla təchiz edilmiş xəstəxananı cənab Prezidentimizin daşkəsənlilərə Yeni il hədiyyəsi kimi qəbul edirik və bildiririk ki, daşkəsənlilər Prezidentimizi hamıdan daha çox sevir, onun apardığı daxili və xarici siyasəti ürəkdən bəyənirlər.
Əhəd Abıyevin nitqindən sonra səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycan səhiyyəsinin uğurlarından, bölgələrdə inşa olunan yeni-yeni səhiyyə ocaqlarının tikintisindən söhbət açmış və əlamətdar gün münasibətilə daşkəsənliləri təbrik edib.
Sonra Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mirzəkim Tağıyev göstərilən diqqət və qayğı üçün ölkə başçısına, Səhiyyə Nazirliyinə və rayon rəhbərliyinə dərin minnətdarlığını bildirib. Yeni xəstəxanada rayon sakinlərinə daha yüksək səviyyədə tibbi xidmət göstəriləcəyini qeyd edib.
Açılış mərasimindən sonra binada yeni quraşdırılmış otaqlara və avadanlıqlara baxış keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB