Dövlət orqanlarının arasında ən geniş şəkildə elektron xidmətlər göstərən qurumların adı açıqlanıb

Dövlət orqanlarının arasında ən geniş şəkildə elektron xidmətlər göstərən qurumların adı açıqlanıb

Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Fərmanının icrası vəziyyətini öyrənmək məqsədilə həyata keçirilən ilkin monitorinqin nəticələri açıqlanıb. SİA-nın xəbərinə görə, ATƏT-in Bakı ofisinin dəstəyi ilə 41 dövlət qurumu üzrə aparılan ilkin təhlil "Şəffaflıq Azərbaycan", Konstitusiya Araşdırmaları fondu və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım fondu tərəfindən reallaşdırılıb. Monitorinqin nəticələrinə görə, elektron xidmətlər göstərilməsi sahəsində xeyli iş görmüş mərkəzi icra hakimiyyəti orqanları arasında ən geniş şəkildə bu xidmətləri göstərən dövlət qurumları kimi Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu xüsusi vurğulanıb. Səliqəliliyi və tamlığı ilə fərqlənən digər bir veb-səhifə kimi isə Dövlət Miqrasiya Xidməti qeyd olunub.

Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanı ilə mərkəzi icra hakimiyyəti orqanlarına elektron xidmətlərin göstərilməsi ilə bağlı mühüm tapşırıqlar verilmişdir. Layihə çərçivəsində mərkəzi icra hakimiyyəti orqanları tərəfindən həmin tapşırıqların həyata keçirilməsi səviyyəsi araşdırılıb. Monitorinqin nəticələrinə əsasən, elektron xidmətlərin göstərilməsi tapşırılan 41 dövlət qurumunun böyük əksəriyyətində müəyyən işlər görülüb.

Qeyd edək ki, layihənin icraçıları Prezidentin Fərmanındakı bir sıra tapşırıqların yerinə yetirilməsinin qiymətləndirilməsinin xüsusi təhlil və müəyyən zaman çərçivəsində monitorinq tələb etdiyindən bu kimi qiymətləndirmələrin gələcəkdə də davam etdiriləcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə