Qocalar evi və Şağan 3 saylı internat evində bayram tədbiri keçirilib

Qocalar evi və Şağan 3 saylı internat evində bayram tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatında (Qocalar evi) və Şağan 3 saylı internat evində 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə bayram tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri İlqar Rəhimov və Natiq Məmmədov, Nazirliyin Aparat rəhbərinin müavini Elnur Kələntərov iştirak edib.

Tədbirlərdə qeyd olunub ki, ulu öndər Heydər Əliyevin ahıl və əlil insanlara göstərmiş olduğu yüksək diqqət və qayğı möhtərəm prezident İlham Əliyev tərəfindən layiqli səviyyədə davam etdirilir. Bu təbəqələrdən olan insanların sosial müdafiəsi sahəsində görülən işlər barədə məlumat verilərək bildirilib ki, ahılların, eləcə də əlillərin, sağlamlıq imkanları məhdud uşaqların yaşadıqları internat evləri və pansionatlarda yaşayış şəraitinin yaxşılaşdırılması, bu müəssisələrdə sosial-məişət və tibbi xidmətin təşkili keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır.

Hazırda ölkə üzrə 14377 nəfər tənha ahıl vətəndaşa və əlilə evlərində sosial-məişət xidməti göstərilir. Novruz bayramı və 1 Oktyabr-Beynəlxalq Ahıllar günü münasibətilə respublikanın rayon və şəhərlərində 10 mindən artıq ahıl vətəndaş üçün bayram süfrələri təşkil olunur, onlara ərzaq və pul yardımları verilir, problemlərinin həllində köməkliklər göstərilir.

Böyük Vətən müharibəsi əlillərinin mənzil və minik avtomobilləri ilə təminatı işləri də ilbəil güclənir. Eyni zamanda, imtiyazlı kateqoriyalardan olan ahıl vətəndaşlar respublikanın müxtəlif sanatoriyalarına sanator-kurort putyovkaları ilə (yollayışlarla) təmin olunurlar. Ahılların və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə