Ombudsman 12 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı ədliyyə nazirinə müraciət edib

Ombudsman 12 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı ədliyyə nazirinə müraciət edib

Ombudsmanın Milli Preventiv Mexanizm Qrupunun üzvləri bu günlərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsinə (CÇM) təkrar uzunmüddətli başçəkmə həyata keçiriblər. SİA-nın xəbərinə görə, həmin Cəzaçəkmə Müəssisəsinə əvvəl keçirilmiş başçəkmədən ötən müddət ərzində MPM qrupunun tövsiyələri də nəzərə alınmaqla, burada vəziyyətin müsbət istiqamətdə dəyişdiyi müşahidə edilib.

Burada 50-dən artıq məhkumla, o cümlədən cərimə təcridxanasında saxlanılan şəxslərlə söhbət zamanı onlar müəssisə əməkdaşlarının rəftarından narazılıq etməyiblər. Məhkumlar həmçinin məişət otağının yaradılmasını xahiş ediblər. Eyni zamanda, başçəkmə zamanı CÇM-də bir sıra çatışmazlıqlar müəyyən edilib. Belə ki, CÇM-nin yataqxanalarının döşəmələri daşdandır, cərimə təcridxanasının bəzi kameralarının ölçüsü standartlara cavab vermir, müəssisənin həyətinin asfalt örtüyü yaxşı vəziyyətdə deyil. Habelə həkim çatışmazlığı, tibb hissəsində olan xəstə məhkumlar üçün istirahət otağının olmaması da müəyyən edilib.

Saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib. 12 saylı cəzaçəkmə müəssisəsinə həyata keçirilmiş başçəkmənin nəticələri ilə bağlı Ombudsman Ədliyyə nazirinə müraciət edərək, qeyd olunan tövsiyələrin yerinə yetirilməsi üçün tədbirlərin görülməsini xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə