Horadiz şəhəri bərpa edildi

4 yaşını təzə tamamlayan Horadiz şəhərində ən böyük küçələrdən biri müasir standartlarla yenidən qurulub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Ümummilli lider Heydər Əliyevin adını daşıyan prospektdə müharibə vaxtı dağıntılara məruz qalan yaşayış binaları bərpa olunub və sakinlərin istirahəti üçün yüksək səviyyəli istirahət guşəsi yaradılıb.

Ümumi uzunluğu 3.5 km olan yeni yol və prospekt sakinlər üçün əsl yen il hədiyyəsi olub. Açılış mərasimində iştirak edən rayon rəsmiləri çıxışlarında bildirdilər ki, hazırda yaşayış olan Horadiz şəhəri füzulililər üçün ən böyük töhfədir. Çünki işğalda olan bu şəhər 1994-cü ildə ümummilli lider Heydər Əliyevin hazırladığı döyüş əməliyyatı ilə düşməndən azad edilib. Məhz elə bu səbəbdən də Füzuli camaatı onun bu rayona ilk səfərində gəldiyi yolun abadlaşdırılmasını dahi lider qarşısında mənəvi borc hesab edir.

Şəhərin qaranlıq gecələrini aydınlıqla, çilçıraqlarla bəzəyən bu yol həm də işğal altında olan Azərbaycan torpaqlarına aparır. Bu gün cəbhə xəttinin bir addımlığında bərq vuran bu işıqlar tezliklə düşməndən alınacaq rayonlarımızı da nura boyayacaq. Bax onda ermənilərin xaraba qoyduğu yaşayış məntəqələrimiz öz sahiblərinin gəlişiylə dünyanın gözü önündə əsl cənnətə çevriləcək.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə