Azərbaycan mediası Fransada qəbul edilən qondarma qanunla bağlı beynəlxalq jurnalist təşkilatlarına müraciət qəbul edib-YENİLƏNİB

Azərbaycan mediası Fransada qəbul edilən qondarma qanunla bağlı beynəlxalq jurnalist təşkilatlarına müraciət qəbul edib-YENİLƏNİB

Bu gün Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası və Beynəlxalq Mətbuat Mərkəzinin təşkilatçılığı ilə Fransa senatının qəbul etdiyi söz azadlığını məhdudlaşdıran sənədə etiraz olaraq jurnalistlərin və ziyalıların birgə toplantısı keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası sədri Sevil Yusifova bildirib ki, belə bir sənəd söz azadlığına, insanların fikrlərini ifadə etməsinə və plüralizmə vurulan zərbədir. Onun sözlərinə görə, özünü demokratik adlandıran ölkədə belə qanunun qəbul olunması utancvericidir. S. Yusifova həmçinin qeyd edib ki, jurnalistləri bu məsələni həssaslıqla qarşılamalıdırlar.

Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva isə bildirib ki, Fransa parlamentinin qəbul etdiyi qərar bugünki Avropanın üzərində durduğu dəyərlərə ziddir: "Bu qanun qəbul olunandan sonra heç bir jurnalist ədalətli araşdırma apara bilməz, çünki buna görə həbs cəzası ilə üzləşəcək. Bu məsələ türk millətinə qarşı böhtandır. Türk milləti əksinə soyqırıma məruz qalmış xalqlara qucaq açıb. Yaxşı olardı ki, Fransa parlamenti öz tarixini təftiş etsin".

Tədbirdə çıxış edən millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Fransa senatının qəbul etdiyi qanun Türkiyəni regional və dünya siyasətindən sıxışdırmaq niyyətini daşıyır. Millət vəkili qeyd edib ki, qanunun qəbul olunmasından sonra Türkiyə ilə bərabər Azərbaycan da Fransa ilə öz münasibətlərinə yenidən baxmalıdır. Onun sözlərinə görə, Fransanın erməni təəssübkeşliyini nümayiş etdirməsi, onun ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətini davam etdirməsini qəbuledilməz edir.

Millət vəkili Fazil Mustafa tədbirdə çıxışında əlavə edib ki, Türkiyə və Azərbaycan bu məsələ ilə bağlı konkret addımlar atmalıdır.

"Bu gün YUNESKO, Avropa Şurası kimi beynəlxalq təşkilatların əsas binası Fransada yerləşir. Türkiyə müəyyən tələblər edərək bu qurumların Fransadan çıxarılmasına nail ola bilər", - deyə o qeyd edib.

Onun fikrincə, məlum qanunun qəbulu Fransaya ciddi zərbə vuracaq, çünki əgər bu günədək qondarma "erməni soyqırımı"nın tanınması bir sıra ölkələrdə də müzakirə olunsa da artıq bü cür antidemokratik qanundan sonra Fransa söz azadlığına zərbə vuran ölkə kimi qələmə veriləcək.

"Fransa bu addımı ilə dünyada qazandığı nüfuzu aşağı saldı. Bu söz və mətbuat azadlığına olan həqarətdir və hər bir insan buna özünəməxsus münasibət bildirməlidir. Bu məsələdə Fransa ikili mövqeyini bir daha ortaya qoydu. Bu bir daha onu göstərdi ki, artıq Fransa həmsədr ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa bir rol oynaya bilməz",- deyə "Səs" qəzetinin baş redaktoru və "Səs" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev məsələyə münasibət bildirərkən deyib. O, bütün beynəlxalq ictimaiyyət və KİV nümayəndələrini bu haqsızlığa qarşı münasibətini bildirməyə və haqq səslərini qaldırmağa çağırıb.

Tədbirdə Azərbaycan KİV və jurnalist təşkilatları rəhbərləri Fransa Milli Assambleyasının Nümayəndələr Palatasının qondarma "erməni soyqırımı" iddialarını inkara görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbulu ilə bağlı beynəlxalq jurnalist təşkilatlarına müraciət edib. Toplantının sonunda beynəlxalq jurnalist təşkilatlarına müraciət qəbul olunub. Müraciətdə qeyd olunur ki, tarixi erməni yalanlarına söykənən iddialar səbəbindən insanların söz və fikir azadlıqlarının məhdudlaşdırılması, və bu ya digər tarixi hadisəyə, dönəmə fərqli münasibətə görə azadlıqdan məhrumetmə kimi cəza mexanizmlərinin tətbiqi sivil dünyanın dəyərlərinə meydan oxumaq, bəşəriyyəti geriyə - inkvizisiya dövrünə doğru sürükləmək deməkdir.

Müraciət Artikl XIX Beynəlxalq jurnalist təşkilatına, Avropa Jurnalistlər Federasiyasına, Avropa Jurnalistika Mərkəzinə, Beynəlxalq Jurnalist Şəbəkəsinə, Beynəlxalq Jurnalistlər Federasiyasına, Mətbuatın Beynəlxalq Təhlükəsizliyi İnstitutuna, Beynəlxalq Mətbuat İnstitutuna, "Sərhədsiz Reportyorlar" media təşkilatına, Beynəlxalq Avrasiya Mətbuat Fonduna göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə