Azərbaycanın media qurumu rəhbərləri Fransada qəbul edilən qondarma qanunla bağlı beynəlxalq jurnalist təşkilatlarına müraciət qəbul edib

Azərbaycanın media qurumu rəhbərləri Fransada qəbul edilən qondarma qanunla bağlı beynəlxalq jurnalist təşkilatlarına müraciət qəbul edib

Azərbaycan KİV və jurnalist təşkilatları rəhbərləri Fransa Milli Assambleyasının Nümayəndələr Palatasının qondarma "erməni soyqırımı" iddialarını inkara görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbulu ilə bağlı beynəlxalq jurnalist təşkilatlarına müraciət edib. SİA-nın verdiyi xəbərə görə, müraciət Azərbaycan Jurnalist Qadınlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə qəbul olunub."Tarixi erməni yalanlarına söykənən iddialar səbəbindən insanların söz və fikir azadlıqlarının məhdudlaşdırılması, və bu ya digər tarixi hadisəyə, dönəmə fərqli münasibətə görə azadlıqdan məhrumetmə kimi cəza mexanizmlərinin tətbiqi sivil dünyanın dəyərlərinə meydan oxumaq, bəşəriyyəti geriyə - inkvizisiya dövrünə doğru sürükləmək deməkdir", - deyə müraciətdə deyilir. Azərbaycan Jurnalist Qadınlar Birliyinin sədri Sevil Yusifova tədbirdə bildirib ki, belə bir sənəd söz azadlığına, insanların fikrlərini ifadə etməsinə və plüralizmə vurulan zərbədir. Onun sözlərinə görə, özünü demokratik adlandıran ölkədə belə qanunun qəbul olunması utancdır. S. Yusifova həmçinin qeyd edib ki, jurnalistlərin bu məsələni həssaslıqla qarşılamalıdırlar.

Tədbirdə daha sonra çıxış edən Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva bildirib ki, Fransa parlamentinin qəbul etdiyi qərar bugünki Avropanın üzərində durduğu dəyərlərə ziddir: "Bu qanun qəbul olunandan sonra heç bir jurnalist ədalətli araşdırma apara bilməz, çünki buna görə həbs cəzası ilə üzləşəcək". Onun sözlərinə görə, bu məsələ türk millətinə qarşı böhtandır. "Türk milləti əksinə soyqırıma məruz qalmış xalqlara qucaq açıb. Yaxşı olardı ki, Fransa parlamenti öz tarixini təftiş etsin",- deyə millət vəkili qeyd edib.

Tədbirdə çıxış edən millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Fransa senatının qəbul etdiyi qanun Türkiyəni regional və dünya siyasətində sıxışdırmaq niyyətini daşıyır. "Qanunun qəbul olunmasından sonra Türkiyə ilə bərabər Azərbaycan da Fransa ilə öz münasibətlərinə yenidən baxmalıdır",- millət vəkili qeyd edib. Onun sözlərinə görə, Fransanın erməni təəssübkeşliyini nümayiş etdirməsi, onun ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətini davam etdirməsini qəbuledilməz edir.

Millət vəkili Fazil Mustafa tədbirdə çıxışında əlavə edib ki, Türkiyə və Azərbaycan bu məsələ ilə bağlı konkret addımlar atmalıdır. "Bu gün YUNESKO, Avropa Şurası kimi beynəlxalq təşkilatların əsas binası Fransada yerləşir. Türkiyə müəyyən tələblər edərək bu qurumların Fransadan çıxarılmasına nail ola bilər", - deyə o qeyd edib. Onun sözlərinə görə, məlum qanunun qəbulu Fransaya ciddi zərbə vuracaq, çünki əgər bu günədək qondarma "erməni soyqırımı"nın tanınması bir sıra ölkələrdə də müzakirə olunsa da artıq bü cür antidemokratik qanundan sonra Fransa söz azadlığına zərbə vuran ölkə kimi qələmə veriləcək. Müraciət Artikl XIX Beynəlxalq jurnalist təşkilatına, Avropa Jurnalistlər Federasiyasına, Avropa Jurnalistika Mərkəzinə, Beynəlxalq Jurnalist Şəbəkəsinə, Beynəlxalq Jurnalistlər Federasiyasına, Mətbuatın Beynəlxalq Təhlükəsizliyi İnstitutuna, Beynəlxalq Mətbuat İnstitutuna, "Sərhədsiz Reportyorlar" media təşkilatına, Beynəlxalq Avrasiya Mətbuat Fonduna ünvanlanıb.

"Fransa bu addımı ilə dünyada qazandığı nüfuzu aşağı saldı. Bu söz və mətbuat azadlığına olan həqarətdir və hər bir insan buna özünəməxsus münasibət bildirməlidir. Bu məsələdə Fransa ikili mövqeyini bir daha ortaya qoydu. Bu bir daha onu göstərdi ki, artıq Fransa həmsədr ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa bir rol oynaya bilməz",- deyə "Səs" qəzetinin baş redaktoru və "Səs" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev məsələyə münasibət bildirərkən deyib. O, bütün beynəlxalq ictimaiyyət və KİV nümayəndələrini bu haqsızlığa qarşı münasibətini bildirməyə və haqq səslərini qaldırmağa çağırıb

Bütün xəbərlər Facebook səhifəmizdə