“Azərbaycan toy”u

Azərbaycan Dillər Universitetinin İndoneziya Araşdırmalar mərkəzində mərkəzin direktoru Laura Zərbəliyevanın təşkilatçılığı ilə "Azərbaycan toy"u adlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbiri Regionşunaslıq və Beynəlxalq münasibətlər fakültəsinin İndoneziyaşunaslıq ixtisası üzrə təhsil alan 471-ci qrup tələbələri təqdim ediblər. Tədbirdə İndoneziyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Agus Trimartono və xanımı, eyni zamanda səfirliyin nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycanın milli toy adətlərindən səhnəciklər göstərilib. Tələbələr qonaqları nişan, xınayaxdı, xonça gətirmə mərasimləri ilə tanış ediblər. Tədbirin məqsədi adət-ənənələrimizin fərqliliyi, gözəlliyi, bizə xas olan musiqi mədəniyyətimiz, toy-nişan adətlərimiz, milli rəqslərimiz, geyim tərzlərimizi qonaqlara nümayiş etdirməkdir.

İndoneziyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Agus Trimartono çıxışı zamanı onları Azərbaycan adət-ənənələti ilə tanış etdiklərinə və tələbələrin bu dilə yiyələndiklərinə görə tədbirin təşkilatçısına və iştirakçılarına minnətdarlığını bildirib. Səfirlik tərəfindən İndoneziya Araşdırmalar mərkəzinə hədiyyə və kitablar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetində İndoneziya Araşdırmalar mərkəzi 2010-cu ildən fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə