“Dövlət qurumlarının onlayn şəffaflıq hesabatı”ı açıqlanıb

“Dövlət qurumlarının onlayn şəffaflıq hesabatı”ı açıqlanıb

Media Hüquq İnstitutu (MHİ) "Dövlət qurumlarının onlayn şəffaflıq hesabatı"nı açıqlayıb. SİA-nın məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində hesabat verən institut eyni zamanda mükafatlarını da təqdim edib.


"Bilgi azadlığı haqqı əsas insan hüquq və azadlıqları sırasında dayanır. Bilgilərə çatımı təmin etmək üçün bir çox ölkələr xüsusi qanunlar da qəbul ediblər",-deyən Media Hüquq İnstitutunun direktoru Rəşid Hacılı bildirib ki, bu hesabat "İnformasiya əldə etmək haqqında" Qanunla bilgi sahibi sayılan qurumların internet resurslarının monitorinqini əhatə edir: "MHİ-nin apardığı monitorinqin məqsədi dövlət qurumlarının internet üzərindən bilgiləri yaymaq vəzifəsini necə icra etməsinin gerçək durumunu öyrənmək, problemləri müəyyənləşdirib hökumətin bilgi azadlığı yönündə səylərinə yardımçı ola biləcək tövsiyələr hazırlamaq və medianı, vətəndaşları bilgi əldə etmək haqlarından davamlı yararlanmağa həvəsləndirməkdir".


İnstitutun təqdim etdiyi hesabat 67 dövlət qurumunun internet resursunun monitorinqinə əsaslanır. Direktorun sözlərinə görə, yalnız yüksək pillədə duran qanunverici (Milli Məclis) və icra qurumlarının əksəriyyəti internet resurslarını yaradıblar. Bir sıra dövlət qurumlarının rəsmi saytında yalnız açılış səhifəsi olduğu halda, Müdafiə Nazirliyinin isə ümumiyyətlə, saytı yoxdur. "Biz bu monitorinqə başlayarkən əvvəlcədən dövlət qurumlarına bunun hansı parametrlərlə aparılacağı barədə məlumat verdik",-deyən R.Hacılı "Bizdə reyestr sənədləri ilə bağlı problemlər də var. Bu sahədə bir çox saytlarda açıqlamalar olsa da, əksəriyyətində bu reyestr sənədləri haqqında söhbət belə gedə bilməz",- fikirlərini də bildirib və qanunda reyestr sənədlərinin açıq göstərilməsi haqqında göstərişin olmasına baxmayaraq, bunun həyata keçirilməməsinə təəssüflənib.


Dövlət qurumlarının internet saytlarının monitorinqinin nəticələrinə görə isə 49.46% şəffaflıq faizi ilə birinci yerdə Respublika Baş Prokurorluğunun internet saytı (www.genprosecutor.gov.az) və 3.84% şəffaflıq göstəricisi ilə axırıncı – 76-cı yerdə isə Bakı Metropoliteni İdarəsinin internet saytı (www.metro.gov.az) qərarlaşıb.


Mükafatlandırma mərasiminə gəlincə isə, R.Hacılı bildirib ki, biz belə qərara gəlmişdik ki, mükafatımız "Şəffaf açar" və "Paslı qıfıl" olsun, amma biz bu sözümüzü yerinə yetirə bilmədik və ilk beş yerin sahiblərinə diplomlar təqdim etməklə kifayətlənəcəyik: "Bu il mükafatlarımız diplomlar olsa da, biz gələn ilin hesabatında əvvəlcədən də söz verdiyimiz "Şəffaf açar" və "Paslı qıfıl"ı gündəmə gətirəcəyik".


Şəffaflıq göstəricilərinin faiz hesabına görə diplomları alan beşlik isə 49.46%-lə Respublika Baş Prokurorluğu (www.genprosecutor.gov.az) 1-ci, 46.15%-lə Vergilər Nazirliyi (www.taxes.gov.az) 2-ci, 42.29%-lə Hesablama Palatası (www.ach.gov.az) 3-cü, 42.15%-lə Dövlət Neft Fondu (www.oilfund.az) 4-cü, 39.36%-lə Mərkəzi Bank (www.cbar.az) 5-ci yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə