Almaniyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Almaniyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi (ATEİB) Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirib. SİA-nın xəbərinə görə, Köln Universitetinin və Köln Tələbələr İdarəsinin dəstəyilə keçirilən tədbir Milad bayramı ərəfəsində həm üzvlərin, həm də gələn xarici qonaqların bir araya yığılmasının çətin olacağı düşüncəsiylə təşkil olunub.

Yüzə yaxın alman və xarici qonaqların bir araya gəldiyi tədbiri cəmiyyətin sədri, Köln Universitetinin magistr tələbəsi Samir Qulusoy açaraq ilk öncə gələn qonaqları salamlayaraq bayramlarını təbrik edib. Daha sonra cəmiyyətin xarici işlər üzrə koordinatoru, Köln Universitetinin İqtisadi Hüquq fakultəsinin tələbəsi Elvin Cəbrayılov tədbirə təşrif buyurmuş qonaqları prezentasiya ilə Azərbaycan haqqında geniş məlumatlandırıb. Prezentasiyadan sonra qonaqlarla Azərbaycanla bağlı diskussiya olub. Burada qonaqları maraqlandiran suallara tələbələrimiz şəxsi söhbətlərində aydınlıq gətiriblər. Tədbirin sonuna doğru qonaqlar tələbələrimiz tərəfindən hazırlanmış ləziz yeməklərdən dadmağa dəvət olunublar. Tədbirin təşkilatı işlərində aktivlik göstərən tələbələrimiz ATEİB tərəfindən xüsusi hədiyyələrə layiq görülüb.

Bundan sonra tədbir gözəl musiqi və rəqslərlə davam etdirilib, sonda xatirə şəkili çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə