Artıq 5 ilə yaxındır açıq havada qalan Quba kütləvi məzarlığındakı insan sümükləri xeyli müddətdir məhv olmaq təhlükəsilə üz-üzə qalıb. Çünki açıq havada saxlanıldığından sümüklər karroziyaya uğrayıb, sümüklərdə çürümə və çatlama yaranıb. Həm bu fakt, həm də dini-mənəvi meyarlar baxımından sümüklərin basdırılması məsələsi gündəmə gəlir. Sümüklərə baxış keçirmək üçün Rusiyadan mütəxəssis dəvət olunub.
Rusiyadan dəvət olunan tibbi ekspertlə bərabər Quba məzarlığına gələn Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev mövcud təbii şəraitin sümüklərin qalması üçün təhlükəli olduğunu bildirib.
"Bakıya qayıdandan sonra mütəxxəsislərlə məsləhətləşəcəyəm və vəziyyəti onlara danışacağam. Sümüklər haqqında müəyyən tədbirlər görmək lazımdır. Mən burada rütubəti görürəm, artıq bu rütübət ciddi problem yarada bilər", - deyə Şakir Musayev bildirib.
Lakin tarixi sübut olduğundan sümüklərin basdırılması məqsədəuyğun sayılmır. Şakir Musayev bu məsələnin ciddi və daha geniş şəkildə müzakirə edilməsinin vacibliyini vurğulayıb: "Burada dini adət-ənənələrimiz var. Lakin bu faktı olduğu kimi qoruyub saxlamaq, gələcək nəsillərə çatdırmaq zərurəti var. İndi bunun yolu tapılmalıdır. Yaxşı olar ki, bununla bağlı digər sahənin mütəxəsislərinin də kompleks fikri olsun".
Sümüklərə baxış keçirən rusiyalı mütəxəssis Vyaçeslav Papov isə erməni vəhşiliyinin canlı nümunəsi olan bu məzarlığın qorunmasını vacib hesab edir. "Sümüklər dağıla bilər, indi onları yerindən tərpətmək olmaz. Sümüklərin qorunması üçün təcili olaraq tədbirlər görmək lazımdır. Bunu faciəli tarixin xatırlanması məqsədilə etmək zəruridir. Sümüklərin genetik xüsusiyyətlərini öyrənmək lazımdır. Bütün bunlardan sonra tarix bizə sağ ol deyəcək".
Quba məzarlığındakı sümüklərin dəfnilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin şimal bölgəsi üzrə nümayəndəsi Hacı Naib məzarlıq barədə məlumatların beynəlxalq ictimaiyətə, eləcə də gələcək nəsillərə çatdırmağın zəruriliyini bildirən din xadiminin qənaəti belə oldu: "Unuda-unuda gedirik. Bu faciə gələcək nəsillərə çatdırılmalıdır. İndiki zamanda sümüklərin basdırılmamağı daha yaxşıdır. Beynəlxalq ictimayyətə göstərməliyik".
Arxeologiya və Etnoqrafiya İnstutunun Quba soyqırımı üzrə ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev də erməni vəhşiliyinin əyani subutunun izlərini itirməmək üçün sümüklərin basdırılmasının əleyhinədir. Onun sözlərinə görə, bu canlı tarixi açıq havada qoruyub saxlamaq vacibdir.
Hazırda məzarlığın ərazisində inşa edilən xatirə kompleksinin bu əraziyə qədər uzanacağını deyən ekspedisiya rəhbərinin məlumatına görə, açıq havadakı bu sümüklər xüsusi maddələr vurulmaqla şüşə altında qorunub saxlanılacaq. Məzarlıqdan ekspertiza üçün paytaxta aparılan 7 mindən artıq insan sümüyü isə xüsusi məhlulla təmizlənib və uzun illər qalacaq vəziyyətə salınıb. Xatirə muzeyində işlər başa çatandan sonra həmin sümüklər də bura gətirilib şüşə altına qoyulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB