Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı və Almaniyadakı Azərbaycan Səfirliyinin dəstəyi ilə Berlində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş "Azərbaycan günü" adlı tədbir keçirilib.
SİA-nın Almaniyadakı xüsusi müxbirinin verdiyi xəbərə görə, tədbirdə Koordinasiya Mərkəzinin əməkdaşları, Almaniyada təhsil alan azərbaycanlı tələbə və doktorantlar, eləcə də Azərbaycan cəmiyyətlərinin üzvləri, diaspor nümayəndələri və digər qonaqlar iştirak ediblər. Çıxış edən AAKM-in icraçı direktoru Samira Patzer-İsmailova iştirakçıları salamlayaraq əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Həmrəylik Gününün yaranma tarixi haqqında qısa məlumat verib və həmin günün dünyanın harasında yaşamasından asılı olmayaraq azərbaycanlıların bir araya gəldiyi simvolik bir gün olduğunu vurğulayıb. Samira Patzer-İsmailova Həmrəylik Gününün bütün dünya azərbaycanlıları tərəfindən qeyd edilməsinin artıq bir zərurətə və mənəvi ehtiyaca çevrildiyini qeyd edib.
Azərbaycanın Almaniyadakı Səfirinin birinci müşaviri Dr. Rizvan Nəbiyev çıxışında Səfirliklə Koordinasiya Mərkəzi arasındakı sıx əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasından danışıb və diasporla səfirliyin sıx əlaqədə işlədiyini bildirib. O, Azərbaycan diasporunun xalq diplomatiyasındakı böyük rolunu vurğulayaraq bu sahədə diasporun üzərinə düşən vəzifələrdən bəhs edib.
Sonra Azərbaycanın tarixini və incəsənətini, tarixi abidələrini və mədəniyyətini əks etdirən "Azərbaycan motivləri" adlı sənədli film nümayiş etdirilib. Azərbaycan bəstəkarlarının musiqisi ilə müşayiət olunan, Azərbaycanın həm də şəhərləri, rəqsləri və ədəbiyyatından bəhs edən film iştirakçılar tərəfindən maraqla qarşılanıb. Filmin nümayişindən sonra Almaniyada yaşayan rəssam, həvəskar tarzən Ələkbər Əliyev tarda Azərbaycan musiqisindən nümunələr ifa edib. Onun musiqi təqdimatı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Əyləncəli-musiqili hissədə iştirakçılar Azərbaycan xalq mahnılarına karaoke oxuyub və rəqs ediblər.
Şahin Abasov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB