Mohammed İsmail : \"Müstəqilliyin 20 ili ərzində Azərbaycan çox böyük irəliləyişlər əldə edib\" -
Bu gün Misirin "Al Gomhouria" qəzeti ilə \"Səs\" qəzeti arasında birgə əməkdaşlıq və informasiya mübadiləsinə dair razılaşma imzalanıb. SİA-nın xəbərinə görə, razılaşmanı "Səs" qəzetinin baş redaktoru, Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev və Misirin "Al Gomhouria" qəzetinin redaktor müavini Mohammed İsmail imzalayıb. Bu razılaşma barədə misirli qonaqdan təəssüratlarını soruşduq.
- Bu gün imzalanan razılaşma sonrakı inkişafa necə təsir göstərəcək və bugünlə bağlı təəssüratlarınız necədir?
- İlk öncə Azərbaycanda olmaqdan məmnunluq hissi duyuram. Bundan əlavə, bugün redaksiyanızda belə bir şərait yaratdığınız üçün sizlərə təşəkkür edirəm. Birinci dəfədir ki, Azərbaycan mətbuatının hansısa orqanı ilə belə bir razılaşma bağlayıram. İnanıram ki, bu razılaşma birgə layihələrin icrasına, əməkdaşların qarşılıqlı informasiya mübadiləsinə mühüm şərait yaradacaq. Biz Azərbaycan tərəfi ilə hər bir sahə üzrə bir əməkdaşlıq etməyə hazırıq. Gələn ilin mart ayında isə Misirin "Al Gomhouria" qəzetinin redaktoru Azərbaycana gələcək. Bu səfər çərçivəsində "Səs" qəzeti ilə daha da geniş şəkildə əməkdaşlığa dair memorandum imzalanacaq.
- Misir Azərbaycanla hansı sahələr üzrə birgə əməkdaşlığa daha çox maraqlıdır?
- Azərbaycan və Misiri ümumi maraqlandıran bütün sahələrdə əməkdaşlıq etməyə marağımız var. Hər iki tərəfə məsələlər daha yaxın və maraqlıdırsa, bunun reallaşması üçün bütün imkanlarımızdan istifadə etməyə hazırıq.
- Misirdən Azərbaycan necə görünür və bu ölkəyə gəldikdən sonra fikirlərinizdə hansı dəyişikliklər oldu?
- Artıq üçüncü dəfədir ki, Azərbaycana gəlirəm və hər dəfə gəlişimdə ölkənizin daha çox dəyişdiyini görürəm. Sizin prezident İlham Əliyevin gördüyü işlər Azərbaycanın inkişafına, daha da irəli getməsinə hesablanıb. Bu görülən siyasət nəticəsində ölkənizdə mühüm nailiyyətlər, irəliləyişlər əldə olunub. Məhz bu irəliləyişlərin əsasında Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
Əlbəttə bir şeyi də nəzərə almaq lazımdır ki, Azərbaycan dünyaya enerji çıxarır. Bir sözlə, müstəqilliyin 20 ili ərzində Azərbaycan çox böyük irəliləyişlər əldə edib. Düşünürəm ki, Azərbaycana növbəti səfərimizdə daha böyük irəliləyişlər və uğurlar görəcəyik.
- Daha əvvəl Azərbaycan mətbuatının digər orqanları ilə tanış idinizmi və KİV-lərin bugünki durumunu necə qiymətləndirirsiniz?
- Azərbaycan mətbuatının inkişafı ilə bağlı nəsə söz demək mənim üçün hələ ki, çox tezdir. Çünki Azərbaycan mətbuatı ilə yeni tanış oluram və ilk əməkdaşlığa dair razılaşmanı məhz bu gün "Səs" qəzeti ilə imzaladıq. İnanırıq ki, bu əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Hər halda onu deyə bilərəm ki, Azərbaycan mətbuatı və mediası beynəlxalq arenaya çıxmaq və əlaqələri gücləndirmək istiqamətində mühüm işlər görür.
- Son zamanlar Misirdə baş verən hadisələri bir jurnalist olaraq necə şərh edərdiniz?
- Əlbəttə, hər bir ölkədə olduğu kimi Misirdə də çevrilişdən sonrakı keçid dövrü yaşanır və bu zaman bəzi çətinliklər və problemlər ortaya çıxarır. Amma buna baxmayaraq inanırıq və əminik ki, demokratiya əldə edəcəyik. Bu gün Misirdə çox çətin vəziyyətdir. Misirdə yaşayan hər kəs-gənc, yaşlı, radikal solçu və ya sağçılar, hətta ortada olanlar, müsəlman qardaşlar özləri üçün gözəl gələcək istəyir. Sizin kanallardan da izlədiyiniz kimi, Misirdə keçirilən seçkilərdə neçə milyon vətəndaş səs verməyə gəlib. Onlar ilk dəfədir ki, bu halı yaşayırlar və hesab edirlər ki, səsləri həlledicidir və demokratiyanı quracaqlar. Seçkilərin 2-ci turu artıq başa çatıb. Gələn həftə üçüncü tur olacaq və çevrilişdən sonra nəhayət ki, öz parlamentimizi quracağıq. İnanıram ki, Misirin gələcəyi çox yaxşı olacaq və ölkədə söz azadlığı və demokratiya qurulacaq. Fəxr edirəm ki, bu çevrilişdə mən özüm də iştirak etmişəm. Biz öz demokratik gələcəyimizi özümüz tikməyə qərar vermişik və heç kəs bizi dayandıra bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB