Ukraynada Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd edilib

Ukraynada Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd edilib

Donetsk şəhərinin Opera və balet teatrında Azərbaycan Televiziyasının, Dünya Azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş muğam müsabiqəsi qaliblərinin iştirakı ilə bayram konserti keçirilib.

Tədbirdə Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında başlayan bayram tədbirində Ukraynanın birinci xanımı Lyudmila Yanukoviç, Donetsk vilayət dövlət admnistrasiyası rəsmiləri, elm və mədəniyyət xadimləri, Azərbaycan Xarici İşlər Nazirliyinin, Ukraynadakı səfirliyimizin və Azəbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı rəsmi nümayəndələri, o cümlədən, çoxsaylı diaspora fəalları iştirak edib.

Mərasim iştirakçılarını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli təməli ulu öndər Heydər Əliyev tərfindən qoyulmuş Həmrəylik Gününün tarixi əhəmiyyətindən söz açıb. Bu əlamətdar günün ötən 20 il müddətində dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın milli dövlətçilik məvkurəsi ətrafında birləşməsində müstəsna rol oynadığını diqqətə çatdirıb.

Həmrəylik günü münasibəti Azərbaycan xalqına xoş və səmimi arzularını çatdıran Donetsk dövlət admnistrasiyasının rəsmi nümayəndəsi Svetlana Kuznetsova son illər Azərbaycan diasporunun təşkilatlanaraq Ukraynanın ictimai mədəni həyatında fəal iştirak etməsini böyük uğur kimi dəyərləndirib.

Tədbirdə Dünya Azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov çıxış edərək təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş diaspor hərəkatının bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirlməsindən danışıb. Son illər ölkəmizdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə muğam mədəniyyətinin inkişafına göstərilən diqqət və qayğının dünya azərbaycanlıları tərəfindən yüksək dəyərləndirildiyini bildirən natiq, bu gün Azərbaycan Televiziyasının xətti ilə muğam müsabiqəsi qaliblərinin Dontsk şəhərində konsert vermələrini dövlətimiz tərəfindən Azərbaycan diasporuna növbəti bayram töhfəsi kimi qiymətləndirib. Son illər Azərbaycanın inkişaf edərək bölgədə lider, beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilməsindən qürur duyquqlarını bildirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov ötən 20 il müddətində xalqımızın tək maddi sərvətlərinə deyil, o cümlədən, milli mənəvi dəyərlərinə sahib çıxmasını dahi Hedər Əliyev ideologiyasının məntiqi nəticəsi kimi səciyyələndirib .

Sonra söz musiqiyə verilib. Bayram gecəsinə qatılanları şən və həzin musiqi töhfələri ilə salamlayan gənc muğam ustaları öz peşəkar ifa tərzləri ilə qəlbləri vətən sevgisi ilə döyünən soydaşlarımıza xoş və yadda qalan anlar yaşadıblar.

Bayram tədbiri atəşfəşanlıqla sona çatıb.


Əlmaniz ƏLƏKBƏRLİ, Ukrayna bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə