Nuşirəvan Məhərrəmli: \"MTRŞ rəqəmsal yayımla bağlı üzərinə düşən bütün vəzifələri həll edib\"

Nuşirəvan Məhərrəmli: \"MTRŞ rəqəmsal yayımla bağlı üzərinə düşən bütün vəzifələri həll edib\"

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkilatçılığı ilə Azərbaycanda rəqəmsal televiziya yayımının tətbiqinə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycanın ərazisində DVB-T rəqəmsal televiziya yayımının tədbiqi və əcnəbi seriallarla bağlı mühüm qərarlar müzakirə olunub.


Tədbirdə çıxış edən MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, ötən gün Şuranın iclasında bir sıra məsələlərə dair qərar qəbul edilib: \"MTRŞ rəqəmsal yayımla bağlı üzərinə düşən bütün vəzifələri həll edib və artıq ölkə ərazisində rəqəmsal yayıma keçid üçün qərar verilə bilər. Azərbaycanda kabel televiziyası şəbəkəsi xeyli müddətdir fəaliyyət göstərir. Kabel şəbəkəsi rəqəmsal yayımda fəaliyyət göstərir və bu şəbəkəyə qoşulanların dekoder almasına ehtiyac yoxdur".


Rəqəmsal yayıma keçidin teleradio məkanında yenilik olacağını deyən N. Məhərrəmlinin sözlərinə görə, bu yayıma keçdikdən sonra tezliklərin istifadəsi ilə bağlı xeyli tezlik əldə ediləcək. Rəqəmsal yayıma keçdikdən sonra bir televiziya kanalında 12 kanal yayımlana biləcək: "İkincisi, telekanallar artıq 1 Kvt ötürücü vasitəsi ilə yayımını təmin edəcək. Keyfiyyətlə bağlı təsvirdə böyük yeniliklər olacaq. Analoq rejimə nisbətən əlavə maneələrdən azad olacaq. Üçüncüsü, ölkə ərazisində televiziya kanallarının yayımında qeyri-bərabərlik aradan qalxacaq. İnsanlar həmçinin televiziya və radio vasitəsi ilə interaktiv imkanlardan yararlana biləcəklər. İnsanlar əvvəlcədən baxmaq istədikləri proqramları müəyyənləşdirə biləcəklər".


MTRŞ sədri iş adamlarına müraciət edərək onları ölkəyə rəqəmsal yayımı dəstəkləyən televizorlar gətirməyə çağırıb.


Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov rəqəmsal yayıma keçidlə bağlı təqdimat keçirib.


Nazir müavini qeyd edib ki, MTRŞ-in qərarına uyğun olaraq hər paketdə 10 kanal olmalıdır: \"Nazirlik müvafiq qurumlara müraciət edərək analoq televizorların gətirilməsinə qadağa qoyulmasını istəyib\".


\"Azərbaycanda rəqəmsal yayıma keçiddən sonra televiziya şirkətlərinin analoq yayım avadanlıqlarının digər məqsədlər üçün istifadəsi həyata keçiriləcək. Telekanalların və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşlarından ibarət komissiya yaradılması barədə MTRŞ-nin təklifi var. Bu komissiya tərəfindən mövcud analoq vericilərin qiymətləndirilməsi həyata keçiriləcək. Sonra nazirlik tərəfindən həmin avadanlıqlar istifadə olunacaq və barter qaydasında televiziyaların rəqəmsal yayımla bağlı xərcləri müəyyən müddətə ödəniləcək",- deyə MTRŞ-ın sədri əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə