Monteneqronun sabiq prezidenti və Baş naziri Milo Çukanoviç Azərbaycana səfəri çərçivəsində Bakının qədim hissəsi ilə tanış olub. SİA-nın xəbərinə görə, qonağı qarşılayan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İçəri Şəhərə göstərdiyi diqqət və qayğısı barədə məlumat vermiş, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İçəri Şəhərin qorunmasında rolu barədə danışıb.
Qonağın İçəri Şəhərdə gəzintisi Qız Qalası ilə tanışlıqdan başlayıb. Bakının simvolu olan əzəmətli Qız Qalasının tarixi, həmçinin yaxınlığında yerləşən Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki müxtəlif tarixi dövrlərə aid olan daş ekspozisiya barədə məlumat qonağa təqdim edilib.
Azərbaycanın geniş tarixi iqtisadi və mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidələr – Buxara və Multanı Karvansaraları ilə tanışlıqla gəzinti davam etdirilib.
Kiçik Qala küçəsində Milo Çukanoviç Azərbaycan milli mətbəxinin ləziz nümunəsi olan təndir çörəyinin dadına baxıb.
Daha sonra ortа əsr şərq mеmаrlığının şаh əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" barədə dolğun məlumat qonağın diqqətinə çatdırılıb.
Məhəmməd Məscidi ilə tanışlıq zamanı qonağa burada ötən il aparılmış muzey-konservasiyası işləri barədə informasiya verilib.
Sonda qonaq İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında ürək sözlərini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB