Hacı Allahşükür Paşazadə: “Azərbaycanda 200-ə yaxın məscid və ziyarətgah təmir olunub”

Hacı Allahşükür Paşazadə: “Azərbaycanda 200-ə yaxın məscid və ziyarətgah təmir olunub”

"Azərbaycanda 2003-cü ildən bəri 200-ə yaxın məscid və ziyarətgah təmir olunub". Bunu Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində deyib.


Onun sözlərinə görə, 10-a qədər məscid Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təmir və bərpa olunub. Bundan başqa, yəhudi, xristian, katolik ibadətgahları da bərpa edilib.


""Allah-taala həqiqətən də bir xalqı istəsə, ona elə bir rəhbər göndərər ki, o xalq onunla təmsil olunar". Bu, Peyğəmbərin hədisidir, mənim sözüm deyil. Heydər Əliyevi də Allah-taala xalqımızın xilası üçün göndərib. Heydər Əliyev hakimiyyətə elə bir dövrdə gəldi ki, xalqımız, dövlətimiz, dövlətçiliyimiz məhv olmaq dərəcəsində idi. Milli mənəvi dəyərlərimizə etinasızlıq göstərilirdi. Heydər Əliyev həzrətləri hakimiyyətə gələndən sonra o çətin dövrdə - maddi cəhətdən çox aşağı səviyyədə olan Azərbaycanda Bibiheybət boyda bir kompleks tikdirdi və başqa məscidlərə də kömək göstərdi. Allah-taala bu gün bizə belə bir xoşbəxtlik nəsib edib ki, ulu rəhbərimiz Heydər Əliyevdən sonra onun davamçısı İlham Əliyevdir. Bakıdakı Təzəpir, Əjdərbəy, Gəncədəki İmamzadə məscidlərinin, Şamaxıdakı böyük kompleksin bərpası İlham Əliyev həzrətlərinin diqqət və qayğısı ilə həyata keçirilib və keçirilir. O cümlədən Mehriban xanımın bu yaxınlarda Vatikanda keçirdiyi görüşlər, orada Azərbaycana aid qədim əlyazmaların bərpası, ölkəmizin təbliği bir daha göstərir ki, biz dini-mənəvi cəhətdən yüksəlirik, inkişaf edirik", - Bütün Qafqazın şeyxi qeyd edib.


Qafqaz Müsəlmanları İdarəsinin sədri bundan sonra da ölkəmizdə İslam dininin, onun yüksək əxlaqi məziyyətlərinin və bütövlükdə milli mənəvi dəyərlərimizin inkişaf etdirilməsi üçün görülən tədbirlərin davamlı olacağına əminliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə