Ramiz Mehdiyev: “Prezident İlham Əliyev dövlətçiliyin möhkəm özüllər üzərində inkişafını təmin edir”
2003-cü ildən etibarən Prezident İlham Əliyev müstəqil Azərbaycanın müasir dövlətçiliyinin simasını yeniləşdirən tarixi şəxs kimi qəbul edilir.Gün.Az xəbər verir ki, bunu bu gün Gülüstan sarayında tanınmış müəllif Qrem Uilsonun (Graeme Wilson) "Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı" kitabının təqdimat mərasimində çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.O qeyd edib ki, ulu öndərin siyasi-tarixi irsinə, xalqımızın iradəsinə söykənən İlham Əliyev ötən illərdə peşəkar dövlət xadimi, görkəmli siyasətçi, nüfuzlu lider kimi ölkədə və xaricdə özünü təsdiq etmişdir."2003-cü ildən etibarən müstəqil Azərbaycanın tarixində yeni dövr başlamışdır və bu dövr yeni tip siyasi liderin adı ilə bağlıdır. Şərq sivilizasiyasının bir parçası kimi ənənəvi cəmiyyətə aid edilən Azərbaycan yeni inkişaf modelini və yeni liderlik tipini dünyaya təqdim edə bilmişdir.Günümüzün reallıqları göstərir ki, dünya həqiqətən də dəyişir. Dəyişən dünyada liderlik keyfiyyətlərinə malik olan şəxsiyyətlərə tələbkarlıq artır, yeni tipli liderlərə ehtiyac duyulur.Qeyri-müəyyən transformasiyalar dövründə həm siyasi və iqtisadi problemlərin həlli üsulları daha sürətlə dəyişir. Belə vəziyyət isə yeni əsrin tələblərinə uyğun olaraq liderdən daha çevik siyasi yaradıcılıq tələb edir".Ramiz Mehdiyev vurğulayıb ki, liderliyin universal formulunun olmaması onunla bağlıdır ki, dəyişən dünya liderlik keyfiyyətlərinin də dinamikasını tələb edir. Yeni siyasi problemlər yeni yanaşmalar tələb edir."Bu da liderdən siyasi yaradıcılıq, novatorluq fəhmi kimi keyfiyyətlər tələb edir. Buna malik olmayan siyasi rəhbərlər milli və qlobal miqyasda sabitliyin deyil, gərginliyin yaranmasının səbəbkarına çevrilir, bəşəriyyəti bəlli olmayan təhlükələrə düçar edirlər.Bu gün lider nə inzibati, nə də sırf siyasi kateqoriyadır. Qloballaşma dövründə bu, ilk növbədə, həmişəkindən daha çox mənəvi, milli, ideal simvoldur. Liderin malik olduğu ən böyük kapital isə xalqın etimadıdır, davamlı uğurlar və milli konsolidasiyadır. Bu nöqtəyi nəzərdən biz görürük ki, bu gün Prezident İlham Əliyev dövlətçiliyin möhkəm özüllər üzərində inkişafını təmin edir, öz xalqının firavan və təhlükəsiz yaşayışı üçün zəruri şərtləri yaradır".Ramiz Mehdiyev qeyd edib ki, Prezident İlham Əliyev öz nüfuzu sayəsində beynəlxalq arenada liderlik məsuliyyətini üzərinə götürüb hadisələrin müsbət məcraya yönəlməsini təmin etmək bacarığını nümayiş etdirir."XX əsrin sonu XXI əsrin əvvəllərində dünyada baş verən qlobal böhran və sarsıntılar sırasında ilk baxışda hamı tərəfindən dərk edilməyən bir fundamental problem də var. Bu "ənənəvi" liderlik böhranı, yeni tip liderlərə olan ehtiyacdır və özünü bütün sahələrdə - siyasətdə, iqtisadiyyatda, etnik-milli münaqişələrdə göstərməkdədir. Hazırda dünyanın bir sıra ölkələrində baş verən bir çox sarsıntıların əsas səbəbi də dövrün tələblərinə cavab verə bilən liderlərin olmamasıdır. Bütün bu proseslər siyasi-sosial təlatümlərdən çıxış yolu tapa bilən, novasiyalara həssas olan, gərgin ziddiyyətləri həll edə bilən yeni tip liderlər nəslinin formalaşmasını aktuallaşdırıbdır".Ramiz Mehdiyev vurğulayıb ki, yeni liderin hadisələrə baxışı tamamilə fərqlidir."Yeni lider üçün beynəlxalq münasibətlərdə soyuq müharibə, sivilizasiyalararası münasibətlərdə qarşıdurma və toqquşma paradiqmaları artıq tarixdə qalan bir hadisədir. Bu tip liderlər dünyada və dövlətlər arasında inkişafa maneə olan nə varsa hamısına yenidən baxmağa qadirdirlər. Onlar qeyri-real iddiaların fövqündədirlər və bəşəriyyətin gələcəyi naminə ortaq səylərin, ümumi təmas nöqtələrinin tapılmasına çalışırlar. Prezident İlham Əliyevin simasında bütün bu keyfiyyətlərin gerçəkləşməsinin şahidi oluruq.Yeni nəsil lider - həm də yeni ritorika deməkdir. Bu inqilab ritorikası deyil, dialoq, konsensus, kompromis, quruculuq ritorikasıdır. Liderin inqilab ritorikası ilə hakimiyyətə gəlişi ilk baxışda kecmiş paradiqmaları dağıdacaq bir sensasiya kimi qarşılanır, gedişi isə xalq üçün faciə ilə bitir.Yeni liderliyin meyarları içərisində "sosial intellekt" – yəni qərar qəbul edərkən sosial missiyanı hiss etmək, ümumən, xalqın mənafeyindən çıxış edərək seçim etmək bacarığıdır. Bu baxımdan İlham Əliyevin nailiyyətlərini təmin edən obyektiv amillərlə yanaşı, onun fitri istedadı da inkar edilməzdir. O milli ənənələrə, dövlətçilik prinsiplərinə sadiq, eyni zamanda XXI yüzilin modern siyasi məkanına uğurla köklənən dövlət xadimidir.Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, müasir dünyada layiqli yerini tutub, beynəlxalq birliyin məsul tərəfdaşına çevrilmək istəyən hər bir dövlətin inkişafı demokratik dəyərlərə söykənməlidir. Azərbaycan bu ideyanın reallaşmasına xeyli vaxt və qüvvə sərf etmişdir. Universal demokratik dəyərlərə aparan yol isə milli xüsusiyyətə və milli tarixə əsaslanmalıdır, təkamül yolu ilə getməlidir. Cəmiyyətin demokratik transformasiyası uzun tarixi bir yoldur və qısa zaman kəsiyində başa çatması qeyri-mümkündür. Kim bu həqiqəti anlamırsa, demək o qarşısına ziyanlı məqsədlər qoyub".Ramiz Mehdiyevin sözlərinə əsasən, müasir milli dövlət təcrübəsi bir həqiqəti sübut edir: ölkələrin siyasi tarixləri eyni olmadığı kimi, milli demokratik quruculuq prosesləri də eyni ola bilməz."Bu gün hər bir vətəndaşımız deyə bilər ki, demokratik dövlət quruculuğu, qanunun aliliyi, hüquqi dövlət, insan hüquq və azadlıqlarının təminatı, müstəqil Azərbaycan dövlətinin əsas prinsipləridir. Mən inanmıram ki, bizim cəmiyyətdə müasir düşüncəyə malik olan bir insan bu həqiqəti inkar etsin.Dövlətimiz universal demokratik prinsipləri təmin etmək üçün böyük maneələri aşaraq, çətinliklə sabitliyin və təhlükəsizliyin bərqərar olmasına nail olubdur.Sabitlik və iqtisadi inkişaf arasında çox sıx əlaqə var. Sabitlik olmayan yerdə inkişaf da ola bilməz. İnkişaf olmayan yerdə isə demokratiyadan danışmaq qeyri-mümkündür. Bu bir aksiomdur.Əlbəttə, başqa cür düşünənlər də var. Güman edirəm ki, onlar qeyri-səmimidirlər.Bu bir həqiqətdir ki, məhz sabitlik və iqtisadi tərəqqi sayəsində Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi üçün münbit zəmin yaradılıbdır. Demokratiyanın təkamülü ən əvvəl sabitlik, sülh şəraitində mümkündür. Təəsüflə qeyd etməliyəm ki, müasir dünyada demokratiya və təhlükəsizliyin bir-birinə dəxli olmayan amillər kimi göstərilməsi dəbə çevrilmişdir".
İlkin Nəcəfov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB