Andras İnotay: “Biz daha çox kənd təsərrüfatı, nəqliyyat və neft sahəsində əməkdaşlığımızı inkişaf etdirə bilərik” - MÜSAHİBƏ

Andras İnotay: “Biz daha çox kənd təsərrüfatı, nəqliyyat və neft sahəsində əməkdaşlığımızı inkişaf etdirə bilərik” - MÜSAHİBƏ

Macarıstan Elmlər Akademiyası Dünya İqtisadiyyatı İnstitutunun direktoru Andras İnotayın SəsTV-yə müsahibəsi


- Cənab İnotay, Azərbaycanda "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda konfrans keçirildi. Siz həmin beynəlxalq tədbirdə iştirak etdiniz. Konfrans haqqında təəssüratlarınız necə oldu?

- Belə bir konfransda iştirak etmək mənim üçün çox xoş idi. Zamanın dəyərli olduğu bir vaxtda bir çox tanınmış siyasətçini bir araya toplamaq çox çətindir. Bu konfransda fərqli ölkələrdən siyasətçilər iştirak edirdi. Bir siyasətçinin inkişafı baxımından çox əhəmiyyətli tədbir idi.


- Azərbaycanla Macarıstan arasındakı ikitərəfli əlaqələrin hazırkı vəziyyətini necə dəyərləndirirsiniz? Mövcud vəziyyəti qənaətbəxş hesab etmək olarmı?

- Əlbəttə, Azərbaycanla Macarıstan arasında əlaqələr mövcuddur. Amma bəzi məqamlar var ki, onlar nəzərdən qaçıb. Biz başqa istiqamətdə, Azərbaycan isə başqa istiqamətdə işləyirdik. Artıq bizim əlaqələrimizin daha da genişləndirilməsinin, inkişaf etdirilməsinin zamanı çatıb.


- İki ölkə arasındakı iqtisadi əlaqələrin potensialından yetərincə istifadə olunurmu?

- Biz daha çox kənd təsərrüfatı, nəqliyyat və neft sahəsində əməkdaşlığımızı inkişaf etdirə bilərik. Macarıstan bazarı Azərbaycan üçün həmişə açıq olub. Nəzərə alsaq Azərbaycan böyük neft və qaz resurslarına malik bir ölkədir və öz məhsullarını Avropaya ixrac edir. Macarıstan da bunda çox maraqlıdır.


- Avropada Azərbaycanı böyük enerji resurslarına malik ölkə kimi tanıyırlar. Xüsusilə Macarıstanla Azərbaycanın maraqlarının birləşdiyi "Nabucco" layihəsi var. Böyük layihənin isə reallaşdırılması hələ də gecikdirilir. Bunun səbəbləri nələrdir?

- "Nabucco" layihəsində bir neçə ölkə bir araya gəldiyi üçün onun reallaşması xeyli zaman tələb edir. Bir gündə reallaşacaq layihə deyil. Əlbəttə ki, Avropa ölkələri bunda çox maraqlıdır. Söhbət hər hansı bir sənədə imza atmaqdan yox, böyük bir layihədən gedir.


- Azərbaycanın 20 faiz torpaqları ermənilər tərəfindən işğal olunub. Avropa ölkələrinin bəziləri Azərbaycanla bağlı ikili siyasət yürüdür, hətta bəziləri açıq-aşkar işğalçı Ermənistanın mövqeyini müdafiə edir. Macarıstanın buna münasibəti necədir?

- Bu münaqişənin həllində təkcə Azərbaycanla Ermənistan deyil, digər böyük qüvvələr rol oynayır. Yəqin ki, ATƏT-in Minsk qrupu yaxın zamanlarda münaqişənin həlli yollarını tapacaq. Çünki, münaqişə uzun müddət dondurulmuş vəziyyətdə saxlanılırsa, hər iki ölkədə yaşamaq çox çətin olur.

Bütün xəbərlər Facebook səhifəmizdə