YAP-la Monteneqronun Sosial Demokrat Partiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

YAP-la Monteneqronun Sosial Demokrat Partiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov Monteneqronun Sosial Demokrat Partiyasının sədri Milo Çukanoviçlə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə qonaqları salamlayan Ə.Əhmədov Azərbaycan və Monteneqro arasında yüksək səviyyədə əməkdaşlıq əlaqələrinin olduğunu bildirib. Onun sözlərinə görə, iki ölkənin hakim partiyaları arasında əməkdaşlıq haqqında memarandumun imzalanması əlaqələrin hərtərəfli inkişafına xüsusi təkan verəcək.

Sonra Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə Monteneqronun Sosial Demokrat Partiyası arasında əməkdaşlıq haqqında memorandum imzalayıb. Sənədi YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov və Monteneqronun Sosial Demokrat Partiyasının sədri Milo Çukanoviç imzalayıb.

Ə.Əhmədov vurğulayıb ki, imzalanan sənəd partiyalar arasında gələcək əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayacaq: "Azərbaycan investisiyaların cəlb olunmasına maraqlıdır və özü də digər ölkələrdə investisiya layihələri həyata keçirir. Bu baxımdan iki ölkə arasında əlaqələr siyasi və iqtisadi istiqamətdə də dərinləşə bilər.

YAP-ın sədr müavini Ə.Əhmədov iki ölkənin gəncləri arasında münasibətlərin daha da sıxlaşmasının zəruriliyini qeyd edib. O bildirib ki, gələn ilin mayında Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində bu ölkədən olan gənclərə də bütün şərait yaradılacaq.

Monteneqronun partiya sədri Milo Çukanoviç Azərbaycan hazırki dönəmdə məhsuldar əlaqələrin qurulduğunu deyib. O qeyd edib ki, partiyalar arasında əməkdaşlıq yeni əlaqələrə körpü yaradacaq.

"Bakıda olduğum vaxtda şəhəri görmək şansım olub və Bakının tarixi və eyni zamanda müasir şəhər olduğunun şahidi olmuşam. "Eurovision" mahnı müsabiqəsi üçün tikilən yeni zal Bakının daha bir müasir simvoluna çevriləcək", - deyə o əlavə edib.

Görüşün sonunda monteneqrolu qonaq gələn il YAP nümayəndələrini ölkəsinə səfər dəvət edərək bunun əlaqələrin inkişafında növbəti addım olacağını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə