Bakı Heyvanat Parkı haraya köçürüləcək?

Bakı Heyvanat Parkı haraya köçürüləcək?

Bakı Heyvanat parkının köçürülməsi məsələsi xeyli vaxtdır ki, gündəmdədir. Bakının mərkəzi hissəsində yerləşən heyvanat parkının köçürülməsi üçün bir neçə variant təklif edilir. Parkın köçürülməsi ehtimal edilən ərazilər sırasında Qaradağ rayonunun Güzdək qəsəbəsi, Ələt, Hövsan qəsəbələrinin adları çəkilir. Bunun ardınca isə parkın Qobu ərazisinə köçürüləcəyi ilə bağlı xəbərlər gündəmə gəldi. Yayılan məlumatlara görə, bu ərazidə tikinti üçün 55 hektar ərazinizin ayrılması nəzərdə tutulub.


Bəs, görəsən, Bakı Heyvanat parkı hara köçürüləcək?

Heyvanat parkının direktoru Azər Hüseynov bildirdi ki, hələlik parkın hara köçürüləcəyi ilə bağlı zooparka rəsmi məktub daxil olmayıb: "Ancaq hazırkı ərazi zoopark üçün əlverişsizdir. Hazırda parkın ərazisi 4.25 ha-dır. Zooparkdakı heyvanların sayı artdığından problemlər yaranır. Heyvanların qəfəslərinin sahəsi də kiçikdir. Ona görə də ərazinin böyüdülməsinə ehtiyac var. Ancaq parkın uzaqda tikintisi də problemlər yarada bilər. Əhalinin heyvanat parkına gediş-gəlişi çətinləşə bilər. İndi zooparkın yerləşdiyi ərazi təbiəti baxımından heyvanların saxlanılması üçün əlverişlidir. Ancaq problemi ərazinin kiçik olması yaradır".


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə isə yeni heyvanat parkının Ceyranbatan ərazisində tikilməsi planlaşdırılır: "Əvvəllər parkın tikintisi Abşeron rayonunu Qobu qəsəbəsində planlaşdırılırdı. Ancaq Qobuda digər layihələr planlaşdırıldığından və ictimaiyyətin təklifləri nəzərə alınaraq zooparkın bu ərazidə tikintisi təxirə salınıb.

Zoopark ekoloji baxımdan təmiz yerdə olmalıdır. Ceyranbatan isə bu baxımdan daha əlverişlidir. Həm də bu ərazidə müasir texnologiyalardan istifadə üçün daha münbit şərait var".


Qeyd edək ki, zooloji parkda yerli mühitə uyğun canlıların və ya xaricdən gətirilən heyvanların saxlanılması nəzərdə tutulur. Kiçik parklarda, istirahət mərkəzlərində saxlanılan heyvanlar da yeni yaradılan parka köçürülməsi planlaşdırılır. Yeni parkdakı yeniliklərdən biri də, qəfəs sistemi olmamasıdır. Bunun əvəzində parkda volyerlər quraşdırılacaq. Tamaşaçılar heyvanları təbii landşafta uyğunlaşdırılan divarlardan görə biləcəklər\".

Bütün xəbərlər Facebook səhifəmizdə