Dövlət mülkiyyətində olan torpaq sahələrindən əsassız istifadə halları ilə bağlı monitorinqlər aparılır
Əmlak Məsələləri Dövlət Komitəsi Dövlət mülkiyyətində olan torpaq sahələrinin mövcud istifadə vəziyyətinin araşdırılması və təhlili, dövlət torpaqlarından səmərəli istifadəyə nəzarətin həyata keçirilməsi məqsədi ilə mütəmadi olaraq Bakı şəhəri eləcə də respublikanın digər şəhər və rayonlarında monitorinqlər aparılır.
Qurumdan SİA-ya verilən xəbərə görə, monitorinqlər zamanı dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrindən istifadənin hüquqi əsasları, istifadədə olan torpaq sahələrinin hüdudları, təyinatı, torpaq sahəsi üzərində olan məhdudiyyətlər və servitutlar araşdırılır. Bununla yanaşı, torpaq sahələrinin başqa hüquqi və fiziki şəxslərə verilməsi, habelə əsassız istifadə halları öyrənilir. Monitorinqlər nəticəsində torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılma vəziyyəti, icarə müqaviləsi şərtlərinə riayət edilməsi və icarə haqlarının ödənilməsi vəziyyətinin araşdırılması diqqət mərkəzində saxlanılır. Bununla yanaşı dövlət torpaqlarına investisiyaların qoyuluşu və investisiyaların cəlb edilməsi məqsədilə torpağın təminat vasitəsi kimi istifadə olunması vəziyyətinin öyrənilməsi də keçirilən monitorinqlərdə prioritet məqsəd daşıyır.
Bu sahədə aparılan araşdırmalar nəticəsində bir sıra hallarda dövlət mülkiyyətində olan torpaq sahələri üzərində torpaq və özəlləşdirmə qanunvericiliyinin tələblərinin pozulmaqla qeyri-qanuni tikinti və yenidənqurma işlərinin görülməsi, torpaq sahələrinin istifadə təyinatının dəyişdirilməsi aşkar edilib. Eyni zamanda monitorinqlər nəticəsində müxtəlif mərkəzi icra hakimiyyəti orqanları tərəfindən balanslarında olan torpaq sahələrinin fərdi ev tikintisi üçün vətəndaşlara ayırma, başqa hüquqi və fiziki şəxslərə icarəyə və istifadəyə verilməsi hallarına rast gəlinib. Həmçinin, bir sıra özəlləşdirilmiş müəssisə və obyektlərdə, onların yerləşdikləri torpaq sahələri üzərində mülkiyyətçilər tərəfindən icarəyə götürülmədən və ya özəlləşdirilmədən yenidənqurma və tikinti işlərinin aparılması müəyyən edilib. Bununla yanaşı müxtəlif yönümlü dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələrinin başqa şəxslərə verilməsi, belə torpaq sahələrinin təyinatının dəyişdirilməsi halları da aşkar edilib.
Belə ki, yalnız bu il ərzində komitə tərəfindən Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında aparılan monitorinqlər nəticəsində 550-ə yaxın dövlət mülkiyyətində olan torpaq sahələrinin əsassız istifadə, o cümlədən aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının balansında olan və bələdiyyələr tərəfindən vətəndaşlara, müxtəlif hüquqi və fiziki şəxslərə verilməsi halları aşkar edilib. Belə halların aradan qaldırılması məqsədilə müvafiq nazirliklərə, rayon icra hakimiyyəti orqanları və bələdiyyələrə müraciətlər göndərilib. Bir sıra hallarda müvafiq tədbirlər görülmədiyi üçün məhkəmə orqanları qarşısında çoxsaylı iddialar qaldırılıb.
Bütün bunlarla yanaşı qeyd edilməlidir ki, komitənin daşınmaz əmlakın qeydiyyatı ilə məşğul olan ərazi idarələrinə də müxtəlif icra hakimiyyətləri və bələdiyyələr tərəfindən qeyri-qanuni olaraq vətəndaşlara ayrılmış torpaq sahələrinin qeydiyyata alınması ilə bağlı müraciətlər də edilir. Belə sənədlərin qəbul edilməməsi və ya qeydiyyatdan imtina edilməsi nəticəsində isə vətəndaşlar tərəfindən haqsız şikayətlərə səbəb olur.
Bunları nəzərə alaraq, daşınmaz əmlakın qeydiyyatı sahəsində insan hüquqlarının qorunması, vətəndaşlara hüququ baxımdan aydın, əsaslandırılmış izahın verilməsi, problemin qanunvericilik qaydasında həlli yolunun göstərilməsi, onları maraqlandıran hər bir sualın yüksək həssaslıqla cavablandırılması daim diqqət mərkəzində saxlanılır.
Bütün bu tədbirlərin görülməsində başlıca məqsəd dövlət mülkiyyətində olan torpaq sahələri üzərində idarəetmənin daha da təkmilləşdirilməsi, dövlət, habelə özəlləşdirilən, eləcə də qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin təyinatı üzrə səmərəli istifadəsinə nəzarətin daha da gücləndirilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB