Çunq Yun Cae: “Dövlət o zaman güclü və qüdrətli olur ki, onun iqtisadi imkanları genişdir” - MÜSAHİBƏ

Çunq Yun Cae: “Dövlət o zaman güclü və qüdrətli olur ki, onun iqtisadi imkanları genişdir” - MÜSAHİBƏ

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransa dünyanın 33 ölkəsindən 60-dan çox nümayəndənin qatılması mövzunun aktuallığı ilə yanaşı, partiyanın beynəlxalq nüfuzunun göstəricisidir.

Konransın iştirakçılarından olan Koreyanın Tədqiqatlar İnstitutunun siyasi elmlər üzrə professoru Çunq Yun Cae "İki sahil" qəzeti redaksiyasının qonağı olub. O, Koreya Tədqiqatlar İnstitutunun professorudur. İnstitutda dərs deməklə yanaşı, elmi-tədqiqat işləri ilə məşğuldur. 2 il bundan əvvəl Koreya Siyasi Elmlər Assosiasiyasının prezidenti seçilib. SİA Çunq Yun Caenin müsahibəsini oxuculara təqdim edir.


- Cənab Çunq, bu, Azərbaycana ilk səfərinizdirmi?

- Bəli. Bunu təəssüf hissi ilə qeyd edirəm.


- Yəqin ki, səfərdən öncə Azərbaycan haqqında müəyyən təsəvvürlərə malik olmusunuz. Bilmək istərdik, təəssüratlarınız necə idi?

- Azərbaycan haqqında müəyyən məlumata malik idim. Çünki dərs dediyim institutda 3 azərbaycanlı tələbə təhsil alır. Onlarla mütəmadi söhbətlərim əsasında ölkəniz haqqında məlumat əldə edirdim. Azərbaycanlı tələbələrin müxtəlif ölkələrin nüfuzlu ali məktəblərində təhsil aldığı barədə məlumatım məndə Azərbaycanın inkişaf edən, müasir ölkə təəssüratını yaradıb.


- Bakıya gəldiyiniz ilk anda təəssüratlarınızda nə kimi yeniliklər baş verdi?

- Bəzən düşüncələrlə gerçəkliklər arasında böyük fərq yaranır. Elm sahəsində çalışan bir insan olaraq bu gerçəkliyi qeyd etmək istərdim ki, nəzəriyyə praktikada öz əksini tapanda daha müsbət nəticəyə stimul verir. Bu baxımdan yanaşsaq, Azərbaycan haqqında müəyyən təsəvvürlərə malik olsam da, gerçəklikdə daha inkişaf edən Azərbaycanı gördüm. Azərbaycan böyük inkişaf yolunda olan ölkədir. Küçələrdən keçdikdə böyük quruculuq, abadlıq işlərinin həyata keçirildiyinin şahidi oldum. Hündürmərtəbəli binalar, böyük parklar göz oxşayır. Sözsüz ki, bu da iqtisadi inkişafın göstəricisidir. Dövlət o zaman güclü və qüdrətli olur ki, onun iqtisadi imkanları genişdir. Uğurlu siyasət bu imkanları daha da genişləndirərək, gələcəyə böyük inam yaradır. Mən burada insanlarda böyük qonaqpərvərliyin şahidi oldum. Bu məndə böyük sevinc hissi yaratdı. Bir sözlə, Azərbaycanın inkişaf məni heyrətləndirdi.


- İştirakçısı olduğunuz "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda konfransın təşkilatçısı olan Yeni Azərbaycan Partiyası haqqında hansı məlumatlara maliksiniz?

- Bura səfərim səfirliyin xətti ilə olsa da, Azərbaycanla yanaşı, bu ölkənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası haqqında da məlumatlara malik idim. Ölkənizin belə sürətli inkişafında sözsüz ki, hakim partiyanızın da rolu var. Siyasətində inkişafı, tərəqqini əsas tutan, ölkənin uğurlarına töhfə verməyə çalışan partiya sözsüz ki, xalq tərəfindən dəstəklənir.


- Elmi ictimaiyyətin nümayəndəsi kimi konfrans barədə fikirlərinizi bilmək istərdik. Bu gün əsas vəzifələrdən biri də iqtisadiyyatın qarşısında duran çağırışların elmin inkişafı ilə bilavasitə bağlı olmasıdır...

- Belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirirəm. Təbii ki, bu konfranslar hər bir ölkənin əldə etdiyi təcrübənin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. Müxtəlif ölkələrdə sosial-iqtisadi vəziyyətə diqqət yetirsək, bu mövzu ətrafında aparılan müzakirələrin aktuallığını dərk etmiş olarıq. Azərbaycana ilk səfərimin məndə yaratdığı təəssüratdan belə qənaətə gəlirəm ki, ölkənizin uğurlarına geniş yol açan inkişaf strategiyasını öyrənməyə böyük ehtiyac var. Düzgün müəyyənləşdirilən strategiyanın həyata keçirilməsi fonunda uğurlu sosial-iqtisadi nailiyyətlər qazanmaq mümkündür. Konfrans üçün seçilən mövzu mənim diqqətimi xüsusi çəkdi. Fikrimcə, hər bir ölkənin inkişafında yeni ideyaların, fikirlərin xüsusi rolu var. Konfrans bu baxımdan xüsusi olaraq əhəmiyyətlidir.

Azərbaycanın müstəqilliyini qazandıqdan sonra ötən dövr ərzində inkişaf strategiyasını dövrün tələblərinə uyğunlaşdırmasını müsbət hal kimi dəyərləndirirəm. Bu siyasət uğurların davamlılığı üçün əsasdır.


- Bu gün bütün sahələrdə əhəmiyyətli uğurları ilə diqqət çəkən Azərbaycanın yeganə problemi ermənilərin əsassız torpaq iddiası nəticəsində yaranan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ölkəmizin bu problemi haqqında nə deyə bilərsiniz?

- Azərbaycana gəlişimin bu baxımdan da əhəmiyyəti var. Düşünürəm ki, problem barədə az məlumata malik olsam da, burda olduğum dövrdə daha dolğun informasiya əldə edəcəyəm.


- Azərbaycan-Koreya münasibətləri barədə nə deyərdiniz?

- Azərbaycan zəngin təbii resurslara malik olan ölkədir. Azərbaycanla Koreya arasında əlaqələrin inkişafı üçün böyük imkanlar mövcuddur. Mən bir elm xadimi kimi, bu sahədə əməkdaşlığı xüsusi qeyd etmək istərdim. Ölkənizin də bu sahədə uğurları böyükdür.

Qarşılıqlı əməkdaşlıq nəticəsində bu sahənin inkişafına öz töhfəmizi verə bilərik. İstərdik ki, iki ölkələrimiz əlaqələr bütün sahələri əhatə etsin.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə