Məlahət İbrahimqızı: \"Türkiyə və Azərbaycanı ən yüksək səviyyəli strateji əməkdaşlıq bir-birinə bağlayır\"
"Uydurma "erməni soyqırımını" inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsini Fransa parlamentinin aşağı palatasının yenidən müzakirəyə çıxarmaq niyyəti Fransanın yalnız Türkiyə dövlətinə deyil, bütövlükdə türk dünyasına və o cümlədən də, Azərbaycana qarşı yönəlmiş bir addımdır. Bu gün Fransa 20 ildən artıq bir müddətdə erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi, məsələnin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədri olmaqla səlahiyyətli, yəni mandat verilmiş bir dövlətdir. Bu qanun layihəsinin müzakirəyə çıxarılması dolayı yolla həm də Qarabağ münaqişəsinin nizamlanmasını əngəlləmək və dünya ictimaiyyətinin diqqətini Qarabağ problemindən yayındıraraq, erməni yalanına hüquqi don geyindirməkdir". SİA-nın xəbərinə görə, bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı yap.org.az-a müsahibəsində deyib.
M.İbrahimqızı bildirib ki, belə bir yalanı
qanuniləşdirməyə cəhd etməklə Fransa parlamenti öz hüquq sisteminə və
qanunvericilik hakimiyyətinə hörmətsizlik edir. Yəni Fransa parlamenti erməni
yalanlarını qanuniləşdirir. Onun sözlərinə görə, Fransa parlamentində
müzakirəyə çıxarılacaq bu məsələnin bu ölkənin rəsmiləri tərəfindən
dəstəklənməsinin əsas səbəblərindən biri də, 20 il öncə baş verən Qarabağ
problemini həll etmək, buna münasibət bildirmək əvəzinə, tarixin toz basmış
səhifələrini mənasız yerə qabartmaq, beynəlxalq diqqəti başqa səmtə
yönəltməkdir.
"Bu gün Avropa Birliyi ölkələrinin bəzilərinin
çox ağır iqtisadi böhranla üzləşdiyi bir zamanda Fransa parlamenti və
hökumətində qondarma soyqırıma dəstək verilməsi Fransanın Avropa üçün yeni və
ciddi problem yaratması deməkdir. Avropanın altıncı iqtisadi gücü sayılan,
NATO-nun ən etibarlı üzvü Türkiyəni erməni yalanları ilə incitmək və
dövlətlərarası münasibətlərə kölgə salmaq çox qınanılası və təəssüf doğuran
məsələdir. Bu məsələ ilə bağlı Türkiyə ictimaiyyəti və dövləti tərəfindən
kəskin mövqe ortaya qoyulub. Azərbaycan cəmiyyəti də bu məsələyə etiraz edir.
Çünki Türkiyə və Azərbaycanı təkcə "Bir millət, iki dövlət" fəlsəfəsi deyil,
həm də ən yüksək səviyyəli strateji əməkdaşlıq bir-birinə bağlayır" - deyə YAP
Siyasi Şurasının üzvü vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB