“Onun sevgi məktubları”nın imza günü keçirilib

“Onun sevgi məktubları”nın imza günü keçirilib

Dekabrın 19-da Yevlax şəhərində millət vəkili Qənirə Paşayevanın "Onun sevgi məktubları" romanının imza günü keçirilib.

SİA-nın xəbərinə görə, kitaba böyük maraq göstərən Yevlax rayonunun ziyalıları, gəncləri imzalanma mərasimində fəal iştirak ediblər.

Millət vəkili Qənirə Paşayeva Yevlax rayonunun sakinlərinə kitaba göstərdikləri diqqət və maraq üçün təşəkkür edib və bildirib ki, imzalanma mərasiminə bu qədər insanın toplaşacağını özü də gözləmirmiş. Bunun üçün imzalamaya gələn hər kəsə xüsusi minnətdarlığını bildirən Qənirə Paşayeva kitabın da onların xoşuna gələrsə, bundan məmnun qalacağını qeyd edib. Yevlax rayonu sakinlərini qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edən millət vəkili Qənirə Paşayeva onlara, ümumiyyətlə hər bir azərbaycanlıya can sağlığı, uğur, xoşbəxtlik, millətimiz və dövlətimiz yolunda uğurlu fəaliyyət arzulayıb. "Hər bir azərbaycanlının ən böyük arzusu odur ki, gələn il bayramlarımızı işğaldan azad edəcəyimiz Qarabağımızda keçirək. Mən sizə də, özümə də gələn il bu arzumuza çatmağı Allahdan diləyirəm."

Tədbirdə ötən ayın satış lideri olmuş "Onun sevgi məktubları" romanını alan və müəllifə imzalatdırmaq istəyən oxucularla kitab ətrafında fikir mübadiləsi və müzakirələr də aparılıb. Müzakirələr zamanı romanın müəllifi Qənirə Paşayeva oxucuları maraqlandıran bir sıra sualları da cavablandırıb.

Millət vəkili bildirib ki, "Onun sevgi məktubları"nın satışından əldə olunacaq gəlir bütünlüklə, həyat yoldaşını itirmiş üçuşaqlı kimsəsiz və evsiz bir qadının mənzil probleminin həllinə yönəldiləcək. Həmin qadının çox acınacaqlı şəraitdə yaşadığını bildirən Qənirə Paşayeva bu addımla bir qadının, bir ananın və onun üç körpəsinin həyat şəraitini qismən də olsa yaxşılaşdırarsa, bunun bir müəllif olaraq ona kitabın sevincindən daha böyük sevinc bəxş edəcəyini deyib. Kitabın ötən ayın satış lideri olmasından məmnun olduğunu deyən Qənirə Paşayeva göstərdikləri diqqətə görə bütün oxuculara təşəkkürünü bildirib.

Qeyd edək ki, "Onun sevgi məktubları" Azərbaycanın müasir ədəbiyyatında epistolyar janrda yazılmış azsaylı əsərlərdən biridir. Real hadisələr üzərində qurulmuş romanda yer alan məktubların mətni də kitabda nağıl olunan sevgi hekayəti qədər gerçəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə