\"Avropa: “Mən mübarizə aparıram, mən qalib gəlirəm\" kitabının təqdimat mərasimi keçirilib - YENİLƏNİB

Bu gün Avropa Xalqları Partiyasının sədri (AXP) Uilfrid Martensin \"Avropa: "Mən mübarizə aparıram, mən qalib gəlirəm\" kitabının təqdimat mərasimi keçirilib.

SİA-nın verdiyi xəbərə görə, təqdimat mərasimində çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, bu kitab Avropa Xalqları Partiyasının rəsmi ideoloji mərkəzi sayılan Avropa Araşdırmalar Mərkəzinin nəşridir: "Kitabın nəşri Avropa İttifaqı və Avropa Parlamenti tərəfindən maliyyələşdirilib. Kitab ilk dəfə 2006-cı ildə Brüsseldə holland dilində çap olunub. Eyni zamanda kitab ingilis, fransız, türk və Azərbaycan dillərində dərc edilib. Qeyd edək ki, bu yaxınlarda kitabın rus dilində də nəşri gözlənilir\".

Millət vəkili onu da xatırladıb ki, 2010-ci ilin mart ayında Bakıda kitabın ingilis dilində təqdimat mərasimi keçirilib.

Bahar Muradova həmçinin qeyd edib ki, kitab 10 fəsildən ibarətdir və məqalələri həyəcansız oxumaq olmur: "Uilfrid Martens son əlli ildə Belçikanın yetirdiyi ən məşhur siyasətçilərdən biridir. Bu mənada onun gördüyü işlər təkcə Belçikada deyil, dünya üçün mühüm əhəmiyyət kəsb edir".

Tədbirdə iştirak edən Milli Məclisin komitə sədri Səməd Seyidov bildirib ki, Avropanın tarixi Azərbaycan üçün çox əhəmiyyətlidir: "Avropanın gücü, təsir imkanları və inkişafı oradakı dəyərlərlə birbaşa bağlıdır. Biz bu dəyərlərin hansı səviyyədə itkilər verdiyini görürük. Bu kitab isə o dəyərləri müdafiə edən fikirləri özündə ehtiva edir.

Səməd Seyidov kitab müəllifinin rəhbərlik etdiyi qurumun Avropada, eləcə də dünyadakı nüfuzundan da bəhs edib: "27 Avropa ölkəsindən 16-da iqtidarda olan partiyalar Avropa Xalqları Partiyasının üzvüdür. Avropa Xalqları Partiyası təkcə dövlətlərdə yox, beynəlxalq təşkilatlarda da öndədir".

Tədbirdə Uilfrid Martensin yaxın dostu, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının həmsədri Xose Klaveriya de Venesiya, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ramil Məmmədov, Beynəlxalq Avrasiya Fondunun direktoru Ümid Rəhimoğlu çıxış ediblər.

Qeyd olunub ki, Uilfrid Martens uşaqlıqdan sadiq avropalı olub. Avropanın böyük dövlət xadimləri onun ilham mənbəyi olub və indi də belədir. Onun Avropaya göstərdiyi xidmətlərin siyahısı uzundur. Xüsusən onun Avropa və beynəlxalq xristian demokratiyası üçün gördüyü iş təqdirəlayiqdir.

Tədbirdə çıxış edən Uilfrid Martens kitabın Azərbaycan dilinə tərcümə olunmasında əməyi olan hər kəsə, eləcə də mərasim iştirakçılarına təşəkkürünü bildirib. Azərbaycana ikinci dəfə səfər etdiyini qeyd edən Uilfrid Martens müəllifi olduğu kitab haqqında məlumat verib: "Kitab Avropanın son 60 ilini əhatə edir. Avropada 60 ildə çox şey dəyişib. İkinci dünya müharibəsindən sonra bizim valideynlərimizin təsəvvürlərinə belə gətirmədikləri bir aləm açıldı. Bu illər ərzində Avropa çətin tarixi proses keçdi. Qatı düşmən ölkələr birləşməyə müvəffəq oldular. İndi Avropada qılınc və qalxanı debatlar, müzakirələr əvəz edir".


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə