Bu il ərzində baş verən 1259 yol qəzasında 307 nəfər dünyasını dəyişib, 1400 nəfər isə yaralanıb - ÖZƏL

Bu il ərzində baş verən 1259 yol qəzasında 307 nəfər dünyasını dəyişib, 1400 nəfər isə yaralanıb - ÖZƏL
Yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər öldü, 3-nəfər yaralı halda xəstəxanaya çatdırıldı". Bu cümləni hər gün bir neçə dəfə eşitməyə artıq adət etmişik. Təəssüf doğurucu hal olsada Azərbaycanda avtomobil qəzalarının sayı günü-gündən artır. Son 12 ayın statistik məlumatlarına baxsaq bu dəhşətli mənzərənin şahidi olarıq. Bu il ərzində baş vermiş 1259 yol qəzasında 307 nəfər dünyasını dəyişib, 1400 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyir ki, il ərzində qəza şəraiti yaradan 2095 nəfər cərimələnib ki bunlardan da , 1344 nəfəri işıqforun qırmızı işığından keçərkən yol hərəkəti qaydalarına düzgün riayət etməyib: " Bu ilin statistikasına nəzər yetirəndə görürük ki, baş verən yol nəqliyyat hadisələrinin 49 faizi yüksək sürət səbəbindən yaranıb, 52 faiz isə piyadaıların yol hərəkəti qaydalarına düzgün riayət etməməsi üzündən baş verib". Statistikaya görə, paytaxtda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti Bakının Heydər Əliyev, Ziya Bünyadov, Babək, Qara Qarayev, Nobel prospektlərində, Aeroport, Bakı-Astara, Bakı-Şamaxı şoselərində baş verib. Yol qəzalarının səbəbləri isə müxtəlifdir. Əksər hallarda hadisə sürücülərin avtomobili sürətlə idarə etməsi nəticəsində baş verir. Bundan başqa ötmə əməliyyatı edərkən yol verilən yanlışlıqlar da qəzaları yaradan əsas amillərdəndir. "Avtomobili içkili halda idarə etmə, işıqforun və məlumat lövhələrinin göstərişlərinə əməl olunmaması, öndə gedən nəqliyyat vasitəsini lazımi məsafədən izlənilməməsi, təhlükəsizlik kəmərlərindən istifadə edilməməsi qəza yaradan əsas şərtlərdən biridir". Bir faktda xüsusilə diqqət çəkir. Yola salacağımız ildə baş verən yol nəqliyyat hadisələrinin əksəriyyəti gənclər tərəfindən VAZ-2107 markalı avtomaşınlarla törədilir. Qrum rəsmisi bu kimi halların baş vermə səbəblərini gənclərin avtoxuliqanlıq etməsi ilə əlaqələndirir.Onun fikirincə son aylar ərzində Dövlət yol polisi əməkdaşları hər gecə paytaxt ərazisində xüsusi reydlər keçirərək avtoxuliqanların qarşısını almaqa çalışırlar. Lakin görülən bütün tədbirlərə baxmayaraq bu kimi hallar hələ də baş verməkdədi. Elə ötən həftə paytaxt ərazisində bir ailənin 3 üzvünün yol kənarında gedərkən yüksək sürətlə idarə olunan VAZ 2107 markalı avtomaşının qurbanına çevrilib. Qeyd edək ki, paytaxt ərazisində idarə olunan nəqliyyat vasitələrinin sayı ümumi ölkə ərazisi üzrə idarə edilən nəqliyyat vasitələrinin 62 faizini təşkil edir. Bu isə paytaxt ərazisində tıxacların yaranmasına və qəzalarının sayının regionlara nisbətən artmasına gətirib çıxarır. Avtomobil qəzalarında ölənlərin yüksək sürətlə artımı tək Azərbaycanda deyil bütün dünyada narahatlıqla qarşılanır. Ümumdünya səhiyyə təşkilatının məlumatına əsasən, yol nəqliyyat hadisələri insan ölümünün doqquzuncu səbəbi kimi tanınır. Hazırda dünya üzrə il ərzində 1.4 milyon nəfər yol-nəqliyyat hadisələri zamanı həyatını itirir.

Bütün xəbərlər Facebook səhifəmizdə