“Səs” qəzetinin redaksiyasında pakistanlı professor Taraq Vahidlə görüş keçirilib

“Səs” qəzetinin redaksiyasında pakistanlı professor Taraq Vahidlə görüş keçirilib

Azərbaycanda səfərdə olan Pakistan Dövlət Universitetinin beynəlxalq əlaqələr fakultəsinin professoru, doktor Taraq Vahidin "Səs" qəzetinin redaksiyasında görüşü keçirilib. Pakistanlı qonağı salamlayan qəzetin baş redaktoru Bəhruz Quliyev bu görüşdən məmnun olduğunu bildirib.

Görüşdə Azərbaycan-Pakistan əlaqələrinin tarixindən danışan B.Quliyev ölkəmizin müstəqilliyini tanıyan ölkələr sırasında Pakistanın da olduğunu xüsusi vurğulayaraq sonrakı əlaqələrimizin inkişafında bu faktorun önəmli rol oynadığını bildirib: "Azərbaycanla Pakistan arasında inkişaf etməkdə olan əlaqələr hər iki ölkənin xalqları tərəfindən müsbət qarşılanır və bunun davamlı olması üçün bütün imkanlardan istifadə olunur. Beynəlxalq təşkilatlarda bu və ya digər məsələlərin müzakirəsində də rəsmi Bakı ilə İslamabad oxşar münasibətlər sərgiləməklə yanaşı, həm də maraqların qarşılıqlı qorunmasını təmin edirlər. Bu gün Azərbaycan-Pakistan münasibətlərinin inkişafı üçün iki ölkənin hökumətləri tərəfindən kifayət qədər məhsuldar addımlar atılır\".

Baş redaktor əlaqələrimizin təkcə iqtisadi sahələri yox, eyni zamanda təhsil, səhiyyə, humanitar sahələri də əhatə etdiyini vurğulayıb. Qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilmiş qızlar məktəbi əlaqələrimizin hərtərəfli inkişafının bariz nümunəsidir".

Daha sonra çıxış edən pakistanlı professor baş redaktorun fikirləri ilə razılaşaraq ölkələrimiz arasında əlaqələrin bundan sonra daha yüksık səviyyədə inkişaf edəcəyinə inandığını bildirib. Taraq Vahid ölkəmizdə səfərdə olmaqdan və iki ölkə arasında xoş əlaqələrin qurulmasından məmnunluq duyduğunu ifadə edib: "Azərbaycanla Pakistan arasında geniş əlaqələr mövcuddur. Xalqlarımızın biri-birinə olan xoş münasibəti hər iki tərəfi qane edəcək səviyyədədir. Biz istərdik ki, əlaqələrimiz çoxşaxəli və sarsılmaz olsun. Bunun üçün bizin iradəmizin olması kifayətdir.

Mən dövlət universitetində siyasi elmləri tədris edirəm. Çox məmnunam ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri məhz Pakistan olub. Bu, təbii ki, iki xalqın münasibətlərinin dərin olduğuna dəlalət edir. Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm ki, Pakistanla Azərbaycan demək olar ki, oxşar tarix yaşayıblar. Sizin Qarabağ probleminizlə bizim Kəşmir problemimiz arasında oxşar cəhətlər də az deyil. Hər iki ölkənin ərazisi işğal olunub. Amma bu problemlərdən qurtulmağın yolları da birgə fəaliyyətdir. Pakistan Dağlıq Qarabağ məsələsində də Azərbaycana hər zaman dəstək olub və bu dəstək daimi olacaq. Dağlıq Qarabağ heç zaman Ermənistanın olmayıb, bu ərazilər Azərbaycanın tarixi torpaqlarıdır".

Azərbaycanın müasir inkişafı haqda məlumat verən baş redaktor B.Quliyev bildirib ki, ölkəmizdə bütün sahələrlə yanaşı media da inkişaf edir: "Ölkəmizdə kütləvi informasiya vasitələri tam azad şəkildə fəaliyyət göstərir. Söz və mətbuat azadlığı tam təmin edilib. Bu fakt bir çox beynəlxalq qurumların hesabatında da qeyd edilib. Əlbəttə biz düşünürük ki, ölkənin inkişafı ilk növbədə medianın inkişafından keçir. O yerdə ki, azad mətbuat var, həmin yerdə azad iqtisadi mühit var. Məhz bu amili nəzərə alan ölkə prezidenti mətbuatın inkişafı üçün mühüm fəırman və sərəncamlar verib. Bunlardan biri Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılmasıdır. Məhz bu qurum vasitəsilə dövlət mətbuatın maliyyə problemlərini həll edir."

Taraq Vahid sözügedən inkişafın beynəlxalq səviyyədə müşahidə edildiyini və bundan şad olduğunu dilə gətirib: "Azərbaycanın bütün sahələrdə sürətli inkişafı göz qabağındadır. Düşünürəm ki, hər şeydən əvvəl Azərbaycan xalqı Heydər Əliyev kimi bir liderinin olması ilə fəxr etməlidir. Düşünürəm ki, məhz Heydər Əliyevin uzaqgörənliyi, siyasi dünyagörüşü və titanik zəhməti Azərbaycan dövlətinin yaranmasını və inkişaf etməsini şərtləndirdi. Hazırda Azərbaycanda müşahidə edilən inkişaf məhz Heydər Əliyev siyasətinin uğurlu nəticəsidir".

Görüş ölkələr arasında müxtəlif əlaqələr haqda fikir mübadiləsi əsasında davam etdirilib. Sonda isə xatirə şəkli çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə