Tələbələrin “İtirilmiş həyatlar”ı

Tələbələrin “İtirilmiş həyatlar”ı
Azərbaycan Dillər Universitetinin tələbələri maraqlı layihə ilə çıxış edib. SİA-nın xəbərinə görə, universitet tələbələri ADU-nun müəllimi Sədaqət Musayevanın rəhbərliyi ilə "İtirilmiş həyatlar" adlı tamaşa hazırlayıb. Avrasiya Universitetində keçirilən "Gənclər QİÇS-ə yox deyir" adlı tədbirdə Avrasiya Universitetinin prorektoru Nazim Cəfərli, görkəmli elm xadimi Şahlar Əsgərov, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova, "Yeni Yol" İB-nin sədri Adil Abdullayev, ADU-nun Mülki Müdafiə kafedrasının müəllimi Sədaqət Musayeva və digərləri iştirak ediblər.


Azərbaycan Dillər Universitetinin 1 saylı ingilis dili, beynəlxalq münasibətlər, və Avropaşünaslıq fakultələrinin bir qrup tələbələrinin, həmin universitetin müəllimi Sədaqət Musayevanın ssenarisi əsasında səhnəyə qoyduğu "İtirilmiş həyatlar’’adlı tamaşa bütün tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tamaşadan sonra Avrasiya Universitetinin prorektoru Nazim Cəfərli gənclərin maarifləndirilməsində bu kimi tədbirlərin əhəmiyyətindən bəhs edib. Prorektor gənclərə sağlam həyat tərzini təbliğ edən mesajların tamaşa vasitəsilə çatdırılmasının təbliğatın daha yeni və təsirli yolu olduğundan danışıb. S.Musayevanı və tamaşada rol alan gəncləri təbrik edib.


Tədbirdə iştirak edən Şahlar Əsgərov öz çıxışında sağlam həyat tərzinin bu yolla təbliğinin daha təsirli ola biləcəyindən bəhs edib, xarici ölkələrdə də bu kimi tamaşalara yer verildiyini qeyd edib.Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru H.Qədirova ölkədə QİÇS xəstəliyinin vəziyyəti ilə bağlı məlumat verib. O gənclərə zərərli vərdişlərdən uzaq, sağlam həyat tərzi keçirmələrini tövsiyə edib. H.Qədirova ADU-nun hər zaman sağlam həyat tərzini təbliği istiqamətində maarifləndirici tədbirlər keçirdiyini və bu shaədə görülən işlərin digər universitetlərə nümunə olduğunu qeyd edib.


Sonda S.Musayeva gənclərin maariflənməsi naminə görülən hər işdən böyük şərəf duyduğunu, gələcəkdə də gənclərə yaralı olacaq fəaliyyətlərə davam etmək arzusunda olduğunu və alışdığı universitetdə bu kimi fəaliyyətlərə şərait yaradan ADU-nun rektoru Səməd Seyidova, həmçinin, ADU-nun tərbiyə işləri üzrə prorektoru E.Əliyevə öz təşəkkürlərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə