Azərbaycanlı deputatlar Ukrayna-Azərbaycan Gənclər Birliyinin fəalları ilə görüşüb
Kiyevdə səfərdə olan Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun deputatları Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları ilə görüşüb. SİA-nın Ukrayna bürosunun verdiyi məlumata görə, Kiyev şəhərindəki Azərbaycan Gənclər Mərkəzinə gələn Milli Məclisin deputatları Ukrayna-Azərbaycan Gənclər Birliyinin fəalları tərəfindən böyük hərarətlə qarşılanıb. Birliyin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verən birliyinin sədri Anar Tahirov Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən təşkilatın ofislə təmin olunmasını prezident İlham Əliyevin Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin inkişafına göstərdiyi diqqət və qayğının məntiqi nəticəsi kimi dəyərləndirib. UAGB-yə həmişə verdiyi maddi və mənəvi dəstəyə görə Azərbaycanın Ukraynadakı səfirliyinə minnətdarlığını bildirib. Sonra Milli Məclisin deputatları Ukrayna Azərbaycanlı Gənlər Birliyinin həyata keçirdiyi tədbirləri özündə əks etdirən filmə baxmaqla birliyin səmərəli fəaliyyəti ilə tanış olublar. Birliyin tək Azərbaycan deyil, o cümlədən Ukraynanın sosial, mədəni həyatı ilə bağlı çoxsaylı tədbirlər həyata keçirdiyini bildirən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli dekabrin 1-də Kiyev şəhərində keçirilən Ukraynada yaşayan azərbaycanlı gənclərin 2-ci forumunun uğurlu nəticələrindən danışıb.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin inkişafina və onların yaşadıqları ölkələrin ictimai siyasi həyatına inteqrasiya olunmalarına xüsusi diqqət ayırdığını deyən Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qurupunun deputatları Eldar İbrahimov, Mirələm Hüseynov, Rüfət Quliyev, İqbal Məmmədov və Elmira Axundova bu baxımdan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin səmərəli fəaliyyətindən məmnun qaldıqlarını bildiriblər. Ermənilərin əsrlər boyu ölkəmizə və xalqımıza qarşı həyata keçirdikləri işğalçılıq və soyqrımı siyasətinin Ukrayna ictimaiyyətinə çatdırılmasında gənclərin həyata keçirdikləri tədbirlərə yüksək qiymət verdiklərini deyən millət vəkilləri, Ukraynada əsl birlik və həmrəylik nümayiş etdirən gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Görüş zamanı Ukraynada yaşayan azərbaycanlı gənclərin bu ölkənin ictimai siyasi həyatına inteqrasiya mexanizmi, Ukraynalı və azərbaycanlı gənclərin Azərbaycanda birgə layihələr həyata keçirmələri məsələləri geniş müzakirə olunub. Bu baxımdan millət vəkili İqbal Məmmədovun Azərbaycan və Ukrayna gənclərinin gələn ilin yay aylarında Lerik rayonundakı Relaks istirahət mərkəzində birgə dostluq görüşü keçirmələrini öz öhdəsinə götürməsi müsbət təklif kimi qarşılanıb
Gənclərin mənəvi sitimuluna çevrilən görüşdə Milli Məclisin deputat qrupu adından Azərbaycan gənclər mərkəzinə prezident İlham Əliyev haqqında yazılmış kitab və xatirə hədiyyələri təqdim olunub. Millət vəkillərinin gənclərin xatirə lövhəsinə yazdıqları xoş və səmimi sözlər isə qəlbləri vətən sevgisi ilə döyünən gənclərə ən dəyərli töhfə olub.
Sonra Azərbaycan Ukrayna parlamentlərarası dostluq qrupunun və Azərbaycan səfirliyinin nümayəndələri ənənəyə uyğun olaraq akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstünü ziyarət edib, önünə tər çiçəklər qoymaqla görkəmli elm fədaisinin xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Sözügüdən şəhərdə fəaliyyət göstərən Zərifə Əliyeva Muzeyinə gələn millət vəkilləri mərhum akademikin həyat fəaliyyətini özündə əks etdirən guşə ilə tanış olublar. Muzeyə Azərbaycan deputat qrupu adından kitab və xatirə hədiyyələri təqdim olunub.
Əlmaniz Ələkbərli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB