«İcbari sığortalar haqqında» qanuna edilən dəyişikliklər müzakirə edildi

«İcbari sığortalar haqqında» qanuna edilən dəyişikliklər müzakirə edildi

Milli Məclisdə təsdiq olunan "İcbari sığortalar haqqında" qanundakı yeniliklərə həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov bildirib ki, qanuna edilən dəyişikliklərə əsasən, əvvəl həyat və sağlamlığa dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 5 000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 1 000 və əmlaka dəymiş zərər üzrə sığorta məbləği də 1 000 manat idisə, yeni qanuna əsasən isə bu məbləğlər həyat və sağlamlığa dəyən zərər üzrə 50 000 manat və 5 000 manat, əmlaka dəyən zərərə görə də 5 000 manatdır. Onun sözlərinə görə, bu, əvvəlki ilə müqayisədə 9 dəfə çoxdur. O, sürücülərə ayrılan sığorta haqqının baza məbləğinin 50 manat olaraq müəyyənləşdirildiyini deyib.


Yeni qanuna görə, növbəti sığorta müqaviləsi bağlayan şəxslərin ödəməli olacaqları sığorta məbləğlərinə onların "qəza tarixçələri" də təsir göstərəcək. Bu cür sistem "bonus-malus" sistemi adlanır və latın dilində "yaxşı-pis" deməkdir. Sistem ondan ibarətdir ki, yaxşı, yəni qəza törətməyən sürücülərin ödədiyi sığorta haqları hər il azaldılır, ilboyu qəza törədən və ödəniş alan digər sürücülərin ödədiyi sığorta haqqı isə artırılır.


N. Xəlilov qeyd edib ki, yeni qanunda əvvəlkindən fərqli olaraq, bəzi hallarda DYP tərəfindən verilən müvafiq arayış olmadan da sığorta ödənişi nəzərdə tutulur. Bu, qəza iştirakçılarının sayı 2 olduqda, hadisə nəticəsində sağlamlığa heç bir zərər dəymədikdə, hər iki tərəfin sığortası olduqda, tərəflər təqsirin kimdə olmasına dair həmfikir olduqda, ziyanın məbləği 1 000 AZN-dən çox olmadıqda mümkündür.

\"Əvvəllər qüvvədə olmuş "Yanğından icbari sığorta haqqında" qanunda da əmlakın sığortası icbari idi, lakin sığortalanan risklər yanğınla məhdudlaşırdı. Yeni qanunda sığortalanan risklərin siyahısı genişləndirilib. İndi əmlakın icbari sığortasına fiziki şəxslərin mənzilləri, yaşayış evləri də daxildir. Bakı şəhəri üçün minimum sığorta məbləği 25 000 manat, Gəncə, Sumqayıt, Naxçıvan şəhərləri üçün 20 000 manat, digər yerlər üçün 15 000 manat müəyyənləşdirilib. Sığorta haqqı isə, müvafiq olaraq, 50 manat, 40 manat, 30 manat təşkil edir. Ünvanlı sosial yardım alan şəxslərin əmlakının icbari sığortası üzrə sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək",- deyə N.Xəlilov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə